Dağıntı zamanı zərərçəkmişlərin təxliyəsi üzrə xilasedicilərin bilikləri artırılıb
Bakı, 29 avqust, AZƏRTAС
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi “Dağıntılar altında qalmış zərərçəkmişin xilas edilməsi” mövzusunda praktiki təlim keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən dağıntı zamanı zərərçəkmişlərin təxliyəsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı səmərəli idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən şərti dağıntı zamanı “xəsarət almış zərərçəkmiş” xilas edilərək təxirəsalınmaz ilkin tibbi yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.