Dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır
Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycanda dekabrın 16-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər zəif duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Dekabrın 16-da Azərbaycanın rayonlarının bəzi yerlərində yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, axşam ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər duman olacaq, qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-5°, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 16-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 5-7° şaxta, gündüz 4-9° isti olacağı proqnozlaşdırılır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında səhər və gündüz arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 6-9° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir sürətlənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 1-5°, gündüz 7-11° isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7°, gündüz 8-10° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 2-7° isti olacaq.