DANİMARKA MÜSƏLMAN DÜNYASI İLƏ KONSTRUKTİV DİALOQA QAYITMAQ İSTƏYİR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, Danimarkanın Baş naziri Anders Foq Rasmussen Əlcəzairin “Əl-Vətən” qəzetinə müsahibəsində demişdir: “Hazırda biz vəziyyəti yoluna qoymaq və müsəlman dünyası ilə konstruktiv dialoqa qayıtmaq üçün bütün istiqamətlərdə işləyirik”. O etiraf etmişdir ki, Məhəmməd Peyğəmbərə ilk dəfə keçən ilin sentyabrında Danimarkanın “Yullands-posten” qəzetində verilmiş karikaturalar müsəlmanların heysiyyətinə toxunmuşdur. Lakin o, Danimarkanın müsəlman ölkələrindəki diplomatik nümayəndəliklərinə basqınları “qəbuledilməz hallar” adlandırmışdır.
Danimarka hökumətinin başçısı istisna etmir ki, “karikatura qalmaqalı” qlobal problemə çevrilə bilər. O vurğulamışdır: “Əgər küçələrdə etirazlar genişlənsə, onda biz buna cəlb olunmuş bütün ölkələr üçün gözlənilməz nəticələrlə qarşılaşacağıq”.
Rasmussen demişdir: “Danimarka hökuməti dünya dinlərindən biri olan islama hörmətlə yanaşır. Hökumət müsəlmanları təhqir etmək niyyətində olmayıb və bu cür əməlləri dəstəkləmir”. O, ölkədəki ekstremist qüvvələrin guya Quranın nüsxələrini yandırmaq istədikləri barədə xəbərləri “dezinformasiya” adlandıraraq bildirmişdir ki, Danimarkada bu müqəddəs kitabın heç bir nüsxəsi yandırılmayıbdır. Baş nazir Danimarkada və digər ölkələrdə yaşayan müsəlmanları bir sıra ərəb KİV-lərində dezinformasiyaların təkzib olunmasında kömək göstərməyə çağırmışdır.