Danimarkalı gənclər COP30 yekun sənədindən məyus olduqlarını bildiriblər
Bakı, 1 dekabr, Pərvanə Qafarova, AZƏRTAC
Bir çoxlarının Braziliyanın Belem şəhərində keçirilən və icra konfransı olacağı gözlənilən BMT-nin İqlim Dəyişmələri Konfransı (COP30) danimarkalı gənclərin tənqidinə səbəb olub. Onlar hesab edirlər ki, tədbirin yekun sənədində iqlim böhranı ilə mübarizə aparmaq üçün lazım olan əsas qərarlar yoxdur.
Bu barədə AZƏRTAC-a BMT-nin İqlim və Ətraf Mühit məsələləri üzrə Danimarka Gənclər Nümayəndə Heyətinin nümayəndələri Siqurd Krabbe və Mari Smedegor bildiriblər. Danimarkalı COP30 iştirakçıları qeyd ediblər ki, yekun razılaşma mətnində qazıntı yanacaqdan tədricən imtina barədə heç bir qeyd yoxdur.
“Konfrans “Həqiqət COP-u” adlanırdı, lakin iqlim böhranının əsas səbəbi olan qazıntı yanacaq anlayışı yekun sənədində bircə dəfə də qeyd edilməyib. Bu, dərin məyusluq doğurur və gələcək nəsillərin qorunması kimi bəyan edilmiş məqsədlə faktiki razılaşmalar arasındakı uyğunsuzluğu nümayiş etdirir”, - deyə nümayəndələr qeyd ediblər.
Nümayəndələrin sözlərinə görə, qazıntı yanacaqdan tədricən imtina edilməsi ilə bağlı konkret və mütləq qərarların olmaması bir daha qlobal prosesin elmi dəlillərə və dünya gənclərinin üzləşdiyi çətinliklərə tam şəkildə cavab vermədiyini göstərir.
Eyni zamanda, Danimarka gənclərinin nümayəndələri qeyd ediblər ki, razılaşmanın özü “kiçik bir təsəlli” hesab edilə bilər. Onlar adaptasiya maliyyələşdirilməsi və ədalətli yaşıl keçidin təmin edilməsinə yönəlmiş mexanizmlərin yaradılması sahəsində əldə edilən irəliləyişi alqışlayıblar.
Qeyd edək ki, COP30-da Azərbaycan COP29 və Braziliya COP30 sədrlikləri “Bakıdan Belemə Yol Xəritəsi”ni 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsi üçün ildə ən azı 1,3 trilyon ABŞ dolları səfərbər etməyi hədəfləyən strateji planı təqdim etdiblər. Sədrliklərin təşəbbüslərinə əsasən, 2026-2028-ci illərdə məlumatların toplanmasının təkmilləşdirilməsi, islahatlar üzrə müzakirələrin intensivləşdirilməsi və mexanizmlərin şəffaflığının artırılması üzrə praktik addımlar atılacaq.