QAN YADDAŞI
Daşkənddə 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar mərasim keçirilmişdir
Daşkənd, 1 aprel (AZƏRTAC). Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar mərasim keçirmişdir.
Əvvəlcə, ulu öndər Heydər Əliyevin binanın qarşısındakı abidəsi onünə çiçək dəstələri düzulmüş, mərasim iştirakçılarına soyqırımla əlaqədar məlumatlar toplusu paylanmış, foyedə bu faciələrə həsr olunmuş kitablar nümayiş etdirilmişdir. Tədbirdə Türkiyə səfirliyinin əməkdaşları, Azərbaycan Diplomatik Akademiyasının Özbəkistanda səfərdə olan tələbələri, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
1918-ci il mart qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili Akif Əliyev erməni millətçilərinin zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərdən danışmış, Ermənistanın işğalçılıq siyasətindən və terrorizmə dövlət səviyyəsində dəstək verməsindən söhbət açmışdır. O xatırlatmışdır ki, ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində soyqırımı məsələsi köklü surətdə araşdırılmağa başlanmışdır və 1998-ci ildən etibarən 31 mart - azərbaycanlıların soyqırımı günü dövlət səviyyəsində qeyd olunur.
ADA-nın tələbəsi Aygün Hüseynli demişdir ki, ermənilər Qazax rayonunda mənim doğma kəndimi işğal etmişlər və 15 ildir ki, yurduma gedə bilmirəm.
Səfirliyin ikinci katibi Səbuhi Əhmədov ermənilərin saxtakarlığını ifşa edən arxiv materiallarından, fotolardan ibarət slayd nümayiş etdirmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd