Daşkənddə “SOBSAN NGM” Azərbaycan-Özbəkistan Birgə Müəssisəsinin ticarət mərkəzi açılıb
Daşkənd, 2 mart, AZƏRTAC
Daşkənddə “SOBSAN NGM” Azərbaycan-Özbəkistan Birgə Müəssisəsinin ticarət mərkəzinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, azərbaycanlı və özbək iş adamları, mədəniyyət xadimləri, soydaşlarımız iştirak ediblər.
Səfir Hüseyn Quliyev bu münasibətlə birgə müəssisənin rəhbəri Nazim Musazadəni təbrik edib, Özbəkistanda investorlara, həmçinin azərbaycanlı iş adamlarına yaradılan şəraitdən danışıb. Diplomat deyib ki, Daşkənddə belə bir ticarət mərkəzinin açılması Azərbaycan-Özbəkistan dostluğunun daha bir təcəssümüdür.
Polşa səfiri Pyotr İvankeviç, Özbəkistanın Xalq artisti Yaqub Əhmədov və başqaları alıcılara keyfiyyətli tikinti materialları təklif edən belə bir mərkəzin açılmasını yüksək qiymətləndiriblər.
Nazim Musazadə mərkəzdə yalnız keyfiyyətli məhsulların satışa çıxarıldığını vurğulayıb.
Mərkəzdə birgə müəssisənin istehsal etdiyi müxtəlif boya məhsulları, həmçinin tikinti materialları və avadanlığı satışa çıxarılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd