David Lordkipanidze: Bolnisidə Azərbaycan Xalq rəssamının sərgisinin açılışının böyük maarifləndirici əhəmiyyəti var
Tbilisi, 5 noyabr, AZƏRTAC
Azərbaycanın Xalq rəssamı Arif Hüseynov görkəmli incəsənət xadimidir. Gürcüstan Milli Muzeyi olaraq Bolnisidə onun əsərlərinə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze bildirib.
Onun sözlərinə görə, bu, bir tərəfdən böyük estetika, incəsənət nümunələri, eyni zamanda da maarifləndirici layihədir. Çoxları üçün bu gün xalçaçılıq yenidən kəşf ediləcək. Xalçanın yaranma tarixi ilə yenidən tanış olacaqlar.
"Bizim üçün böyük şərəfdir ki, Gürcüstan Milli Muzeyi ilə Azərbaycan Milli Xalça Muzeyi arasında memorandum imzaladıq. Azərbaycan Milli Xalça Muzeyi dünyada ən önəmli mədəniyyət qurumlardan biridir. İlk xalça muzeyidir və Gürcüstan Milli Muzeyinin uzunmüddətli partnyor tərəfdaşıdır. Əminəm ki, bizi Azərbaycanda, Gürcüstanda, eləcə də başqa ölkələrdə maraqlı layihələr gözləyir", - deyə D.Lordkipanidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi