DAVİD QARECİ MONASTRI YENİDƏN GÜRCÜSTANDA MÜZAKİRƏ MÖVZUSUNA ÇEVRİLİB
Sabiq prezident Zviad Qamsaxurdianın ən yaxın silahdaşlarından olan və hazırda parlamentin “Demokratik cəbhə” fraksiyasının lideri Zviad Dzidziquri məsələ ilə bağlı parlamentin ümumi iclasında xüsusi bəyanat vermişdir. O demişdir: “Xarici İşlər Nazirliyinin işçi qrupu sərhəd xəttinin müəyyənləşdirilməsi üzərində işləyir. Ancaq bu işin gedişində Azərbaycan sərhədçiləri tamamilə anlaşılmaz və gözlənilməz şəraitdə öz yerlərini dəyişdirib, Dirilmə monastrının ərazisinə keçiblər. Onu da xatırladaq ki, bu ərazi 1615-ci ildə Şah Abbasın hücumu zamanı 6 min qarecili rahibə işgəncə verilən yerdir. Bu ərazi Gürcüstan üçün, hər bir pravoslav xristian üçün ən müqəddəs yerlərdən biridir, Gürcüstan patriarxlığı və Gürcüstan kilsəsi də bunu belə qiymətləndirir. Televiziyada süjetlər getdikdən sonra azərbaycanlı sərhədçilər həmin ərazidən çıxıb Çiçxituri monastrında yerləşmişlər. Onlar buranı strateji obyekt sayırlar. 8, 9, 10-cu əsrlərə aid olan David Qareci monastr kompleksimizi təhlükə gözləyir”.
Parlament çoxluğunun üzvü Georqi Natsvlişvili həmkarına cavabında bildirmişdir ki, bu problem təzə deyil, SSRİ dağılandan möcduddur və iki ölkə prezidentlərinin görüşündə də qaldırılmışdır. O demişdir: “Bu məsələni dinc, rahat şəraitdə həll etsək, daha yaxşı nəticə əldə olunar. Kim bu problemin həlli ilə maraqlanırsa, dinc və rahat işləməlidir. Söhbət bizə dost və qonşu ölkədən getdikdə, eyni zamanda qarşıdan qışın gəldiyi, bizi azərbaycanlılara çox şeylərin bağladığı bir zamanda xahiş edərdim ki, bu mövzu rahat və dincliklə müzakirə olunsun”.
Gürcüstan parlamentinin sabiq sədri, professor Vaxtanq Qoquadze vurğulamışdır ki, “son zamanlar gürcü siyasətçiləri düşmən qazanmaqda və dostu düşmənə çevirməkdə ustalaşıblar. Rusiyanın simasında daha bizi müdafiə edəcək qüvvə yoxdur. Rusiya Qafqaz bölgəsində həmişə münaqişələrin tənzimləyicisi rolunu yerinə yertirmişdir”.