DAXİLİ İŞLƏR NAZİRİ RAYONLARDA ƏMƏLİYYAT MÜŞAVİRƏLƏRİ KEÇİRMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, əməliyyat müşavirələrinin iştirakçıları ümummilli liderimiz, Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Müşavirələri giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov ümummilli liderimiz Heydər Əliyevin müstəqil respublikamızın rəhbərliyi dövründə, hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin yenidən qurulması üçün gördüyü ardıcıl tədbirlərdən, ölkəmizdə aparılan hüquqi islahatlardan, dövlətçiliyin və sabitliyin qorunmasında polisin xidmətlərindən danışmışdır. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin daxili işlər orqanları ilə bağlı imzaladığı fərman və sərəncamları xatırlatmış, ölkə polisinin tarixində ilk dəfə olaraq “Azərbaycan Respublikası polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət proqramının (2004-2008-ci illər)” təsdiq edilməsini xüsusi vurğulamışdır.
Daha sonra nazir qeyd etmişdir ki, cari ilin altı ayında respublikada cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və asayişin təmin edilməsi sahəsində ardıcıl iş aparılmış, əməliyyat şəraiti bütövlükdə nəzarətdə saxlanmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif cinayətlər törətmiş 6004 şəxs məsuliyyətə cəlb edilmiş, axtarışda olan 2583 nəfər, o cümlədən MDB ölkələrində gizlənmiş 108 cinayətkar tutulmuş, keçmiş illərdən bağlı qalmış 280 cinayətin açılması təmin edilmişdir.
Əməliyyat müşavirələrində Ağdam, Bərdə, Tərtər, Şuşa rayon polis şöbələrinin rəisləri yarım ilin yekunları barədə məlumat vermişlər. Qeyd olunmuşdur ki, həmin rayonlarda onlarca cinayətkar qrup ifşa olunmuş, quldurluq, adam oğurluğu kimi ağır cinayətlərin üstü açılmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə daha da gücləndirilmiş, əhalidən qanunsuz saxlanılmış silahlar yığılmışdır.
Müşavirələrin iştirakçıları daxili işlər orqanları sistemində çalışan polis əməkdaşlarının və mülki işçilərin aylıq vəzifə maaşlarının artırılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Daxili işlər naziri general-polkovnik Ramil Usubov əməliyyat müşavirələrinə yekun vurmuşdur.