DAXİLİ İŞLƏR NAZİRLİYİ DAXİLİ QOŞUNLARININ ORTA İXTİSAS HƏRBİ MƏKTƏBİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, bu münasibətlə sentyabrın 18-də Daxili Qoşunların Tədris Mərkəzində təntənəli mərasim keçirilmişdir. Tədris mərkəzinə gələn respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovu qarşılayan daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-leytenant Zakir Həsənov məktəbin fəaliyyətə başlaması ilə əlaqədar raport vermişdir.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edən Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov son illər dövlət rəhbərliyi səviyyəsində Daxili Qoşunların ən müasir döyüş və xüsusi vasitələrlə təmin olunduğunu, dövlətimizin etibarlı sipərinə çevrildiyini bildirmişdir. Zakir Həsənov demişdir ki, Daxili Qoşunlara göstərilən diqqət və qayğı nəticəsində şəxsi heyətin xidməti hazırlığı yüksəlmiş, peşəkarlıq səviyyəsi qarşıya qoyulan bütün tapşırıqların icrasına imkan verən həddə çatmışdır.
Bu gün açılan və 93 müdavimin təhsil alacağı orta ixtisas hərbi məktəbinin yaradılmasını Daxili Qoşunların inkişafında növbəti uğur kimi dəyərləndirən komandan, ölkə və DİN rəhbərliyini əmin etmişdir ki, Daxili Qoşunlar bundan sonra da qarşısına qoyulan vəzifələrin icrasına hər zaman hazır olacaqdır.
Mərasimdə iştirak edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov Prezident İlham Əliyevin təbrik və salamlarını şəxsi heyətə çatdırmışdır.
Şəxsi heyətə öz tələb və tövsiyələrini bildirən daxili işlər naziri, general-polkovnik Ramil Usubov qeyd etmişdir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə Daxili Qoşunların orta hərbi ixtisas məktəbinin fəaliyyətə başlaması əlamətdar hadisədir. Bu, Ali Baş Komandanımızın ölkənin Silahlı Qüvvələrinə, o cümlədən Daxili Qoşunlara olan yüksək diqqət və etimadının təzahürüdür.
Daxili Qoşunlar yarandığı gündən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi yolunda prinsipial mövqe tutub, vətənə, dövlətə, dövlətçiliyimizə, Silahlı Qüvvələrin Ali Baş Komandanına həmişə sadiq olub.Nazir vurğulamışdır ki, tarix göstərir ki, hər bir yüksək nəticənin əsası məhz peşəkarlıqdan, yüksək döyüş hazırlığından, vətənpərvərlikdən qaynaqlanır. Bunu əsas tutan Daxili Qoşunların bütün şəxsi heyəti həmişə xidmətdə fərqlənib. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın müstəqilliyi üçün təhlükə yaranan illərdə təməlini qoyduğu ordu quruculuğu bu gün çox yüksək səviyyəyə çatmışdır. Çətin və şərəfli döyüş yolu keçmiş Daxili Qoşunlar bu gün peşəkar zabit və gizir heyətinə malikdir. O, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artmasında Türkiyə Silahlı Qüvvələrinin Jandarm Baş Komandanlığının xüsusi diqqət və qayğısını yüksək qiymətləndirmişdir.
General-polkovnik Ramil Usubov söyləmişdir ki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanının Sərəncamı ilə yaradılmış bu məktəb əsas diqqəti yüksək hərbi hazırlığa yönəldəcək, gələcəkdə peşəkar kadrların yetişməsinə xüsusi qayğı göstərəcəkdir.
Daxili işlər naziri demişdir: ölkəmizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin etmək istəyirəm ki, siz müdavimlər qarşınızda duran bütün vəzifələri layiqincə yerinə yetirəcəksiniz.
Orta ixtisas hərbi məktəbinin ilk dərsini keçən Daxili Qoşunların komandanının müşaviri, polkovnik Hüseyn Yüksek hərbçi peşəsini özlərinə sənət yolu seçən müdavimlərə - sabahın zabitlərinə tutduqları yolun çətin və şərəfli olduğunu bildirmiş, vətəni, onun ərazi bütövlüyünü və müstəqilliyini qorumaq üçün zabitdən tələb olunan fədakarlıqlardan danışmışdır.
Sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov orta ixtisas hərbi məktəbinin tədris korpusunu gəzərək burada tikilmiş atəş, döyüş hazırlığı siniflərinə, kompyuter otağına, kitabxanaya baxmış, müdavimlərin istirahət və məişət şəraiti ilə tanış olmuşdur.