SİYASƏT
DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov oktyabrın 8-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Ross Uilsonu onun xahişi ilə qəbul etmişdir.
Qonağı səmimi salamlayan nazir cinayətkarlığa qarşı mübarizə sahəsində aparılan işlərdən danışmış, kriminogen durumun nəzarət altında olduğunu, dönməz sabitlik yaradıldığını və elə bunun nəticəsində ölkə vətəndaşlarının və xarici sərmayədarların normal fəaliyyəti üçün hər cür şərait yarandığını bildirmişdir. Daha sonra cənab Ramil Usubov sentyabrın 6-da Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Bakıda keçirilmiş 23-cü iclası barədə danışmış və həmin iclasda beynəlxalq terrorizmlə mübarizə məsələlərinin geniş müzakirə edildiyini amerikalı diplomatın nəzərinə çatdırmışdır.
Söhbət zamanı ABŞ hökumətinin Azərbaycana yardım Proqramı çərcivəsində görülən işlərə də toxunulmuşdur. Bu sənədə uyğun olaraq, terrorçuluğa qarşı mübarizə məsələləri üzrə ABŞ-da və Azərbaycanda treyninqlər keçirilməsinin davam etdirilməsinin vacibliyi vurğulanmış, Dövlət Departamentinin və Xəzinədarlıq Departamentinin Dəyərləndirmə qruplarının rəyinə əsasən terrorçuluq və mütəşəkkil cinayətkarlığın digər ağır növləri ilə mübarizənin gücləndirilməsi üçün ölkəmizin Daxili İşlər Nazirliyinə müxtəlif növ xüsusi vasitələrin və avadanlığın, o cümlədən kompüter texnikası, rabitə vasitələri, kriminalistik laboratoriya üçün avadanlıq və sair alınması məqsədi ilə vəsait ayrılmasının nəzərdə tutulduğu qeyd olunmuşdur.
Görüşdə bir sıra digər məsələlər də müzakirə olunmuş, daxili işlər naziri Ramil Usubov cənab Ross Uilsonu maraqlandıran suallara ətraflı cavab vermişdir.