DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ CARİ İLİN BİRİNCİ YARISINA HƏSR OLUNMUŞ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
İclası giriş sözü ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov açmışdır. Qeyd olunmuşdur ki, ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin iqtisadi qüdrətinin artmasına, əhalinin rifah halının yaxşılaşmasına, regionların sürətli inkişafına, insan hüquq və azadlıqlarının təminatına xidmət edən uğurlu dövlət siyasəti Daxili İşlər Nazirliyi sistemində də fəaliyyətin təkmilləşməsinə, beynəlxalq standartlar səviyyəsində təşkilinə, şəxsi heyətin sosial müdafiəsinin güclənməsinə təkan vermişdir.
Ölkədə aparılan genişmiqyaslı quruculuq işlərində yaxından iştirak edən respublikanın daxili işlər orqanları son illərdə olduğu kimi, hesabat dövründə də müvafiq qanunları, dövlət başçısının fərman və sərəncamlarını, tələb və tövsiyələrini rəhbər tutaraq cinayətkarlıqla mübarizədə əvvəlki illərdə qazanılmış müsbət təmayülləri qoruyub saxlamış, sabitliyin və əmin-amanlığın təmin edilməsi sahəsində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişlər.
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən xidməti borca, anda, qanunlara, insan hüquq və azadlıqlarının aliliyi prinsiplərinə riayət edilməsi, gənc əməkdaşların hərtərəfli qayğı ilə əhatə olunması, onların peşə hazırlığının, tapşırılmış sahəyə məsuliyyət hissinin artırılması istiqamətində tədbirlər cari ildə də davam etdirilmişdir.
Şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 iyun tarixli Sərəncamı ilə daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə və xüsusi rütbəyə görə maaşları təxminən 2 dəfə artırılmışdır. Dövlətimizin başçısı tərəfindən təsdiq edilmiş qanunla “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” və “Polis veteranı” medalları təsis olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının yeni nümunələrinin təsviri təsdiq edilmiş, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında” Fərman imzalanmışdır.
Cinayətlərin qarşısının alınması və açılması, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 80 əməkdaş (16 nəfər ölümündən sonra) dövlət mükafatları ilə təltif olunmuş, 4 rəhbər vəzifəli şəxs növbəti ali xüsusi rütbələrə layiq görülmüşdür.
Kollegiya iclasında geniş məruzə ilə çıxış edən nazir müavini, polis general-leytenantı Oruc Zalov cari ilin 6 ayı ərzində daxili işlər orqanları tərəfindən görülən işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Məruzədə qeyd olunmuşdur ki, hesabat dövründə respublikanın daxili işlər orqanları tərəfindən ölkədə kriminogen duruma nəzarət, asayişin mühafizəsi, ağır və xüsusilə ağır, habelə geniş ictimai əks-səda doğurmuş cinayətlərin açılması, axtarışda olanların tapılıb tutulması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri də uğurlu olmuşdur. Cinayətkarlıqla mübarizə işinin təhlilindən görünür ki, görülmüş qabaqlayıcı tədbirlər nəticəsində şəxsiyyət əleyhinə cinayətlərin, oğurluğun, quldurluğun sayı xeyli azalmış, banditizm və adamları girovgötürmə faktları, ümumiyyətlə, qeydə alınmamışdır. Yetkinlik yaşına çatmayanlar, habelə əvvəllər məhkum olunmuş şəxslər, eləcə də cinayətkar qruplar tərəfindən törədilən cinayətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə azalmışdır. Həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində respublikanın 34 şəhər və rayonunda ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin, o cümlədən onların ağır və xüsusilə ağır növlərinin sayı azalmışdır. Bu müddətdə cinayətlərin strukturunda quldurluq 14,4, adam oğurluğu 33,3, oğurluq 2,2, nəqliyyat vasitələrinin qaçırılması 31,3 faiz az olmuşdur. Cinayətlərin açılması üzrə əvvəlki illərdə əldə olunmuş yüksək göstəricilər qorunub saxlanmış, hesabat dövründə respublikada qeydə alınmış 8706 cinayətin 92,7 faizi açılmışdır. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, qəsdən adam öldürmənin və insan alveri ilə bağlı cinayətlərin böyük əksəriyyətinin, yəni 91-96 faizinin açılması təmin edilmiş, respublika üzrə 1781 nəfərdən ibarət 633 cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, qrup halında törədilən cinayətlərin sayı 5,9 faiz azalmışdır. Şəxsiyyət əleyhinə, o cümlədən qəsdən adam öldürmə və insan alveri ilə bağlı cinayətlərin böyük əksəriyyətinin, adam oğurluqlarının isə hamısının açılmasına nail olunmuşdur. Axtarışda olan iki minə yaxın təqsirləndirilən şəxs məhkəmə məsuliyyətinə cəlb olunmuşlar. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin fəallaşmasına da xüsusi diqqət yetirilmiş, aşkar edilmiş 1400-ə yaxın fakt üzrə 1076 nəfər məsuliyyətə cəlb olunmuşdur. Qanunsuz dövriyyədən 104 kiloqrama yaxın narkotik vasitə götürülmüş, 150 tondan çox narkotik tərkibli bitki məhv edilmişdir. İnsan alveri qurbanlarını qazanc əldə etmək məqsədilə ictimai mənəviyyata zidd hərəkətlərə sövq edən 8 mütəşəkkil cinayətkar qrup ifşa edilmiş, cinayətlərin qurbanı olmuş 26 nəfər müəyyən olunmuşdur.
2006-cı ilin birinci yarısında yol hərəkətinə nəzarət prosesində dövlət yol polisi əməkdaşları 380 min 757 qaydapozma, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 9866 fakt aşkar etmişlər. Ümumilikdə müxtəlif növ inzibati xətalara görə 285 mindən çox sürücü barəsində inzibati protokol tərtib olunmuşdur.
Kollegiyada qeydə alınmış cinayətlərin sayının 708 hadisə artması, əsasən, narkotik vasitələrə dair faktların daha çox aşkar edilməsi, dələduzluq, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin çoxalması ilə əlaqələndirilmiş, eləcə də respublikanın bir sıra polis orqanlarında, xüsusən də Bakı şəhərinin bəzi rayon polis idarələrində cinayətkarlığa qarşı mübarizənin kifayət qədər səmərəli təşkil edilməməsi vurğulanmışdır. Vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işinin xüsusi əhəmiyyət kəsb edən məsələ kimi daim diqqət mərkəzində saxlanılmasının vacibliyi qeyd olunmuşdur.
Kollegiya iştirakçılarının diqqətinə çatdırılmışdır ki, ötən ilin sentyabrından nazirlikdə fəaliyyət göstərən “qaynar xətt” vasitəsi ilə hesabat dövründə vətəndaşlardan 1932 müraciət qəbul edilmişdir. Onlardan 208-i üzrə araşdırma aparılaraq zəruri tədbirlər görülmüş, 1094 müraciətlə əlaqədar vətəndaşlara ətraflı izahatlar verilmişdir. 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı müraciətlərin sayı 48 faiz, kobud rəftar, qeyri-etik davranışla bağlı şikayətlərin sayı isə 45,7 faiz azalmışdır.
Bütövlükdə, 2006-cı ilin 6 ayında əməliyyat şəraitinin təhlili göstərir ki, Azərbaycan Respublikası Prezidentinin cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, asayışin, qanunçuluğun, insan hüquq və azadlıqlarının etibarlı qorunması sahəsində qarşıya qoyduğu tələb və vəzifələrin yerinə yetirilməsi yönümündə görülən işlər uğurla davam etdirilmişdir.
Məruzə ətrafında Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-leytenantı Əhməd Əhmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-leytenantı Məhərrəm Əliyev, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov, Gəncə Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Qərib Həsənov, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Mehdi Hümbətov və başqaları çıxış etmişlər.
İclasa yekun vuran general-polkovnik Ramil Usubov hesabat dövründə qazanılmış uğurların arxayınçılığa əsas vermədiyini diqqətə çatdıraraq, müzakirələr zamanı irəli sürülən iradlardan hər kəsin ciddi nəticələr çıxarmasını tələb etmişdir. O, DİN-in rəhbərliyini narahat edən bəzi problemlərin, nöqsan və çatışmazlıqların aradan qaldırılması yolları barədə tövsiyələrini vermişdir. Ümumilikdə cinayətkarlığın, xüsusən onun ağır növlərinin, məişət zəminində qəsdən adam öldürmənin, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, dələduzluğun qarşısının alınması yönümündə profilaktiki tədbirlərdən səmərəli istifadənin, kadrların yalnız peşəkarlığa, dövlətçiliyə sədaqət, fiziki və mənəvi hazırlıq səviyyələrinə görə seçilib yerləşdirilməsinin, irəli çəkilməsinin vacibliyini, habelə ölkə Prezidentinin əsas tələblərindən olan vətəndaşların ərizə və şikayətlərinə vaxtında və obyektiv baxılmasının zəruriliyini vurğulamış, nazirliyin baş idarə rəhbərlərindən, şəhər və rayonların polis idarələri rəislərindən bu sahədə kəsərli tədbirlər görməyi tələb etmişdir.
General-polkovnik Ramil Usubov əmin olduğunu bildirmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, əməkdaşların sosial müdafiəsinin daha da gücləndirilməsinə göstərdiyi ali diqqət və qayğıdan ruhlanan şəxsi heyət bundan sonra da xalqa və dövlətə sədaqətlə xidmət edəcək, ölkə rəhbərinin qarşıya qoyduğu, qanunvericilikdən irəli gələn vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün qüvvə və bacarığını səfərbər edərək, ili daha yüksək nəticələrlə başa vurmağa çalışacaqdır.