Deniz Güler: Rəqəmsal mediada uşaqların qorunması üçün təcrübəmizi bölüşməyə hazırıq
Bakı, 15 aprel, AZƏRTAC
Türkiyənin canlı və müxtəlif formatlı media sektoru mövcuddur. Ölkə üzrə 400-dən çox özəl televiziya kanalı və 900-dən çox radiostansiya fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Radio və Televiziya üzrə Tənzimləyici Qurumun (RTÜK) sədr müavini Deniz Güler aprelin 15-də Bakıda keçirilən Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun 11-ci Toplantısında çıxışı zamanı səsləndirib.
Tədbirin təşkilinə görə Azərbaycan Respublikasının Audiovizual Şurasına təşəkkürünü bildirən RTÜK-ün sədr müavini qeyd edib: “Getdikcə rəqəmsallaşan media dünyasında uşaqları və gəncləri qorumaq üçün çalışan tənzimləyici orqan kimi bütün təcrübəmizi sizinlə bölüşməkdən şərəf duyuram”.
O əlavə edib ki, RTÜK 1994-cü ildə Türkiyədə radio, televiziya və digər tələb olunan xidmətlərə nəzarət etmək üçün yaradılan müstəqil dövlət qurumudur. RTÜK tam inzibati və maliyyə muxtariyyəti ilə fəaliyyət göstərir. Qurumu Türkiyə parlamenti tərəfindən seçilən doqquz üzv idarə edir, prezident və sədr müavinləri isə iki il müddətinə daxili qaydalarla seçilir. Məqsədimiz media azadlığını və müxtəlifliyini təmin etmək, eyni zamanda, ictimai maraqları və gənc izləyicilərimizin hüquqlarını qorumaqdır.