DƏNİZLƏRDƏ QULDURLUQ ÜÇ DƏFƏ ARTMIŞDIR
BDB mütəxəssisləri qeyd edirlər ki, quldurlar daha amansız olmuşlar. Onların ticarət gəmilərinə ən çox basqınları Cənub-Şərqi Asiyada, Uzaq Şərqdə, Afrika sahillərində və Qırmızı dənizdə, Hind okeanında və Amerika sahillərində qeydə alınmışdır. Quldurlar, əsasən, altı regionda - İndoneziya, Banqladeş, Nigeriya, Hindistan sahillərində, Malakka boğazı və Ədən körfəzində geniş fəaliyyət göstərirlər. Bütün basqınların 70 faizi bu regionlarda baş verir.
BDB-nin məlumatına görə, dəniz quldurlarının fəallaşması onunla bağlıdır ki, “soyuq müharibə” qurtardıqdan sonra ABŞ və Böyük Britaniya Dünya okeanındakı hərbi qüvvələrini iki dəfə azaltmışlar, Rusiya hərbi dəniz donanması isə orada, əslində, təmsil olunmur. Geniş dəniz sahələrinə nəzarət edilmir, çünki bir çox sahilyanı dövlətlərin hərbi donanması yoxdur.
BDB-nin hesabatında deyilir ki, dəniz quldurlarının fəaliyyəti dünya iqtisadiyyatına hər il 16 milyard dollar ziyan vurur.