Deputat: Cana doyan ermənilər Azərbaycan qanunları ilə yaşamaq istədiklərini bildirirlər

Bakı, 27 dekabr, AZƏRTAC
Artıq 16 gündür ki, Azərbaycanın ekofəalları, vətəndaş cəmiyyətinin nümayəndələri Laçın-Xankəndi yolunda şaxtalı havada böyük mərdlik, dözümlülük nümayiş etdirərək Qarabağda təbii yataqlarımızın talanmasına qarşı dinc aksiya keçirirlər.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
O bildirib ki, Ermənistan rəhbərliyi, eləcə də Qarabağdakı separatçıların başında duran Vardanyan, Arutyunyan dünya ictimaiyyətinə guya azərbaycanlıların Qarabağda yaşayan erməniləri blokadada saxladıqlarına dair qərəzli, yanlış məlumatlar verməkdədir.
“Təəssüflər olsun ki, Fransa mətbuatı, “Euronews” kanalı da bu cür təxribatları, yalan informasiyanı yayımlayır. Bütün bunlara baxmayaraq, Azərbaycanın KİV-i, xəbər saytları azərbaycanlıların keçirdikləri dinc aksiyanın əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırır. Artıq dünya ictimaiyyəti görür ki, Xankəndiyə humanitar yüklər, təcili tibbi yardım avtomobilləri, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin avtomobilləri maneəsiz şəkildə keçib gedir”, - deyə deputat qeyd edib.
K.Əliyeva bildirib ki, bu yalanın, iftiranın baş tutmadığını görən Vardanyan yeni bir cinayət əməlinə əl atmağa başlayıb. Vardanyan Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızı qorxu və təşviş içində saxlayır, onları zorla, qorxudub şantaj etmək yolu ilə Xankəndidə mitinqlərə yığır. Vardanyan mitinqdə erməni əsilli Azərbaycan vətəndaşlarını dövlətə qarşı cinayətə və silahlı münaqişəyə çağırır.
Deputatın sözlərinə görə, Qarabağda yaşayan ermənilər sosial şəbəkələrdə artıq Vardanyanın, Arutyunyanın qanunsuz hərəkətlərindən cana doyduqlarını, imkan düşən kimi bəziləri Ermənistana köçmək, bir qismi isə Azərbaycan qanunları altında yaşamaq istədiklərini bildirirlər.
“Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Araik Arutyunyan barəsində cinayət işi açılıb. Düşünürəm ki, Vardanyanın qanunsuz hərəkətlərinə qarşı da Baş Prokurorluqda cinayət işi açılmalı və beynəlxalq axtarışa verilməlidir”, - deyə Kamilə Əliyeva vurğulayıb.