Deputat: “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna dəyişikliklər zərərçəkmişlərin hüquqlarının müdafiəsini gücləndirəcək
Bakı, 23 dekabr, AZƏRTAC
Zərər çəkmiş şəxslərin müvəqqəti sığınacaqla təmin olunmasının “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna təklif edilən dəyişikliklər sırasında yer alması çox vacibdir. Düşünürəm ki, bu, zərərçəkmişlərin hüquqlarının müdafiəsini daha da gücləndirəcək.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Könül Nurullayeva “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna təklif edilən dəyişikliklərə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, dəyişikliklərdə məişət zorakılığından zərər çəkmiş yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, zərurət yarandığı halda uşağın valideynlərdən və ya onu qəyyumluğa götürmüş şəxslərdən təcili olaraq alınması ilə bağlı tədbirlərin görülməsi də nəzərdə tutulur. Eyni zamanda, məişət zorakılığının qarşısının alınması üzrə nəzərdə tutulmuş tədbirlərin monitorinqi və əlaqələndirilməsi də Qanuna yeni təkliflər sırasındadır.
“Sənəd, eyni zamanda, məişət zorakılığı ilə mübarizə sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Yeni dəyişikliklər sayəsində artıq yaxın qohum olmayan ailə üzvləri tərəfindən törədilən məişət zorakılığı halları qanunun təsir dairəsindən kənarda qalmayacaq. Dəyişikliklərlə, eyni zamanda, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi gücləndirilir. Zərərçəkmişin hüquqi müdafiəsinin dövlət hesabına ödənilməsi təklifi çox müsbət haldır.
Qısamüddətli və uzunmüddətli mühafizə orderinin verilməsi ilə bağlı təklif edilən dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, qısamüddətli orderin müddətinin 30 gündən 60 günədək artırılması təklif olunur”, - deyə K.Nurullayeva bildirib.
Ailədə münasibətlərin normallaşmasına dövlət orqanları tərəfindən göstərilən köməyin təqdirəlayiq olduğunu vurğulayan deputat deyib: “Amma münasibətlərin bərpası ailə üzvlərinin öz seçimi, şəxsi mülahizələr əsasında olmalıdır”.
Könül Nurullayevanın fikrincə, təklif olunan dəyişikliklər məişət zorakılığından zərər çəkmiş şəxslər üçün əlaqələndirmə mexanizminin yaradılmasına xidmət edir.