Deputat: Regionun inkişafı dayanıqlı sülhdən çox asılıdır
Bakı, 24 fevral, AZƏRTAC
Beynəlxalq tədbirlərdə regionda dayanıqlı sülhün formalaşdırılması üçün konstruktiv mövqe çox önəmlidir. Təəssüf ki, Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən Avronest Parlament Assambleyası 10-cu plenar sessiyasında, eləcə də komitə iclaslarında Ermənistan nümayəndə heyəti sülhə və regionda əməkdaşlığa deyil, guya Laçın yolunun bağlanması, Qarabağda humanitar fəlakətin olması kimi əsassız çıxışlara fokuslandı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov söyləyib.
Deputat qeyd edib ki, Ermənistan nümayəndə heyəti “Laçın dəhlizinin açılması”, “Dağlıq Qarabağın blokadasının götürülməsi”, “Azərbaycan Ordusunun Ermənistan ərazisindən çıxarılması”, “ATƏT-in Minsk qrupunun fəallaşması” kimi əsassız qətnamələr hazırlayıb təqdim etsə də, onların hamısı rədd edildi.
V. Bayramov vurğulayıb ki, Azərbaycan nümayəndə heyətinin üzvlərinin həm ikitərəfli görüşlərdə göstərdikləri səylər, həm də komitə və plenar iclaslardakı çıxışlarda gətirdikləri arqumentlər nəticəsində Ermənistan nümayəndə heyətinin bütün layihələri Assambleya nümayəndələri tərəfindən rədd edildi.
Deputat qeyd edib ki, Ermənistan nümayəndə heyəti nəinki siyasi komitədə, hətta enerji təhlükəsizliyi komitəsində də Laçın yolunda vəziyyət və digər əsassız məsələləri gündəmə gətirirdi.
Vüqar Bayramovun sözlərinə görə, komitə iclaslarında da bildirdiyimiz kimi, feyk məlumatlar əsasında fərqli profilli komitələrdə siyasi bəyanatlar oxumaq ondan xəbər verirdi ki, Ermənistan tərəfi regionda sülhün əldə edilməsində hələ də maraqlı deyil. Regionun inkişafı isə dayanıqlı sülhdən çox asılıdır.