ELM VƏ TƏHSİL
“Dəyərlər və identikliyin fəlsəfi problemləri” - beynəlxalq elmi konfrans
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunda Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş “Dəyərlər və identikliyin fəlsəfi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, konfransı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli fəlsəfə elminin meydana gəlməsi, tarixi, inkişaf yolu, məqsəd və vəzifələri haqqında danışıb. Akademik İsa Həbibbəyli qədim yunan filosofları Platonun idealist və Aristotelin materialist fəlsəfi düşüncəsinin əsrlərdən bəri şüurlara hakim kəsildiyini, bu iki istiqamətin fəlsəfə elminə istiqamət verərək onu çoxsaylı müstəqil düşüncə, ideya və nəzəriyyələrlə zənginləşdirdiyini deyib.
AMEA rəhbəri çıxışında Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşlarının son dövrlərdə “Milli identiklik”, “Milli fəlsəfə konsepsiyası”, “Sufi fenomenologiyası” və digər mövzularda apardıqları aktual tədqiqatları yüksək qiymətləndirib.
Sonra çıxış edən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Mustafa Şabanov Ümumdünya Fəlsəfə Gününün tarixi barədə məlumat verib, bu əlamətdar günün təsis olunmasında başlıca məqsədin fəlsəfənin cəmiyyətlərdə oynadığı əhəmiyyətli rolu qeyd etmək, insanlar arasında fəlsəfi düşüncə mədəniyyətini təşviq etmək olduğunu bildirib.
Niderlandda yerləşən SOTA Elmi Mərkəzinin baş direktoru Mehmet Tütünçü isə çıxışında ötən əsrin sonlarında ölkəmizə səfərlərindən, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün gördüyü işlərdən danışıb. O, 2020-ci ildə Azərbaycanın haqq savaşında əldə etdiyi tarixi Zəfəri böyük sevinc və qürur hissi ilə qarşıladıqlarını vurğulayıb.
Tədbirdə “Qələbə, dəyərlər və identiklik”, “Müasir dünyada identiklik konsepsiyası”, “Türk milli kimliyi”, “Heydər Əliyevin dövlətçilik təlimində milli özünüdərk, milli kimlik və mənəvi dəyərlər”, “İdentiklik fəlsəfə və tarix arasında: XIX-XX əsrlərdə Tunisdə italyan icmasının nümunəsi əsasında”, “Sufi fenomenologiya yeni dövrün fəlsəfəsi kimi”, “Gələcək şəxsiyyətin fəlsəfi dərki” və digər mövzularda məruzələr dinlənilib.