DİM imtahan rəhbərləri və zal nəzarətçilərini mükafatlandırıb
Bakı, 25 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda fəaliyyəti yüksək qiymətləndirilən imtahan rəhbərləri və zal nəzarətçilərinin mükafatlandırılmasına həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları öncə DİM-də ölkəmizin milli qiymətləndirmə tarixini əks etdirən muzeylə tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Bunun ardınca Vətənimizin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ictimai iştirakçılıq prinsiplərinə uyğun olaraq Mərkəzin fəaliyyətində müxtəlif təşkilatların, elm-təhsil müəssisələrinin nümayəndələrinin iştirakının vacib olduğunu bildirib. M.Abbaszadə imtahanların şəffaf keçirilməsində zal nəzarətçiləri və imtahan rəhbərlərinin rolundan, gördükləri işin məsuliyyətindən, imtahanlarda daha bacarıqlı və layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs edib və bu işin təşkilində öz köməyini əsirgəməyən müəllimlərə DİM-in kollektivi adından təşəkkür edib.
Sədr qeyd edib ki, DİM tərəfindən ötən il 40 müxtəlif növ imtahan keçirilib və bu imtahanlarda 600 mindən artıq şəxs iştirak edib. Elektron xidmətlərdən istifadə sayı 11 milyondan çox olub. 62 mindən artıq şəxs (eyni adamın bir neçə dəfə iştirakı nəzərə alınmaqla) imtahan nəzarətçisi, imtahan rəhbəri və buraxılış rejimi əməkdaşı qismində imtahanlara cəlb olunub.
M.Abbaszadə, həmçinin bildirib ki, DİM tərəfindən keçirilən imtahanların model, texnologiya və məzmun baxımından müxtəlifliyi zal nəzarətçilərinin fəaliyyətinin təkmilləşdirilməsini, peşəkarlıq səviyyəsinin yüksəldilməsini tələb edir. DİM tərəfindən ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə nəzarətçi qismində cəlb edilməsi məqsədilə 2018-ci ildən zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması layihəsi həyata keçirilir. Bu layihəyə maraq yüksəkdir və bu il sertifikasiyadan keçib imtahanlara cəlb olunmaq üçün 3200-ə yaxın namizəd müraciət edib.
Tədbirdə çıxış edən DİM-in Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov imtahanların idarə edilməsində keyfiyyət göstəricilərinin artırılması məqsədilə hər il imtahanlara cəlb edilmiş məsul şəxslərin, eləcə də zal nəzarətçisi və imtahan rəhbərlərinin fəaliyyətinin yekun qiymətləndirilməsinin aparılması ilə bağlı iştirakçılara məlumat verib.
Qeyd olunub ki, imtahan rəhbərləri və nəzarətçilərin mükafatlandırılmasında məqsəd onların rolunun qiymətləndirilməsi, eyni zamanda, bu prosesin keyfiyyətinin daim inkişaf etdirilməsi üçün dəstək verməkdir. “Bu prosesə cəlb olunmuş şəxslərin qiymətləndirilməsində imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə bacarığı, imtahan sənədləri ilə aparılan işin keyfiyyəti, köçürmə halları və digər qayda pozuntularının aradan qaldırılması, onların ümumilikdə imtahanlarda fəal iştirakı və əvvəlki imtahanlarda əldə etdiyi keyfiyyət göstəriciləri, 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu-anketlərində zal nəzarətçisi haqqında rəylər nəzərə alınır” - deyə A.Həbibov bildirib.
Bildirilib ki, araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 1953 nəzarətçi müəllimə təşəkkür elan edilib, o cümlədən 26 zal nəzarətçisi, 6 imtahan rəhbəri fəxri fərmanla təltif edilib. Bundan əlavə, müəllimlərə hədiyyə olaraq DİM nəşrlərindən ibarət kitablar verilib.