CƏMİYYƏT
DİN: Zaqatalada çayda köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edilib
Bakı, 7 iyul, AZƏRTAC
Ötən gün axşam saatlarında Zaqatala Rayon Polis Şöbəsinə rayona yağan güclü leysan yağışları səbəbilə Sabunçu çayında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, bu barədə xəbər daxil olan kimi polis əməkdaşları dərhal həmin əraziyə yollanıblar. İçərisində ikisi azyaşlı olmaqla ümumilikdə beş nəfərin olduğu yük avtomobilinin çayın ortasından batması səbəbilə həmin şəxslərin təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.
Polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının birgə həyata keçirdikləri təcili və təxirəsalınmaz tədbirlər nəticəsində onlar təhlükəsiz əraziyə çıxarılıblar.