“DİZAYN-GENAY AZƏRBAYCAN” POLİETİLEN VƏ POLİPROPİLEN BORU ZAVODU YÜKSƏK KEYFİYYƏTLİ MƏHSUL BURAXIR
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Sumqayıtda “Dizayn-Genay Azərbaycan” polietilen və polipropilen boru zavodunun da rəsmi açılışında olmuşdur. Müəssisənin işçiləri dövlətimizin başçısını hörmət və ehtiramla qarşıladılar.
Azərbaycan-Türkiyə birgə müəssisəsi olan zavodla tanışlıq zamanı Prezidentə məlumat verildi ki, 1987-ci ildən Türkiyədə yaradılan “Dizayn Group” şirkəti polietilen və polipropilen borular istehsal edir. Hazırda bu şirkətin 6 zavodu fəaliyyət göstərir. Şirkətin məhsulları İngiltərə, Almaniya, Çin, Hollandiya, Avstraliya, Rusiya və İspaniyanın beynəlxalq müstəqil təşkilatlarının xüsusi sertifikatlarına layiq görülmüşdür və 72 ölkəyə ixrac olunur. Əsasən istilik, içməli su, qaz, kanalizasiya, kənd təsərrüfatı, suvarma və drenaj sistemləri üçün boru istehsalı üzrə ixtisaslaşmışdır.
Prezident İlham Əliyev müəssisənin rəmzi açılışını bildirən düyməni basdı və iridiametrli ilk məhsulun alınması prosesini izlədi.
Sumqayıt şəhərində 2003-cü ildən inşasına başlanan və yüksək keyfiyyətli polietilen boruların istehsalı üçün nəzərdə tutulan “Dizayn-Genay Azərbaycan” zavodu 2006-cı ilin oktyabrından işə düşmüşdür. Keyfiyyətli məhsul istehsalı üçün xaricdən alınan xammaldan istifadə edilir. Borular TS-1004, İS-1005, İSO-179, İSO-180 və digər dünya standartlarına cavab verir. Su, kanalizasiya, təbii qaz xətləri və digər məqsədlər üçün nəzərdə
tutulan borular istifadə sahəsindən və sifarişdən asılı olaraq, 4 atmosferdən 32 atmosferə qədər təzyiqə davam gətirə bilir.
Dövlətimizin başçısı müəssisədə qurulan müasir texnoloji avadanlıqla tanış oldu, məhsulların çeşidi, keyfiyyəti ilə maraqlandı. Bildirildi ki, hazırda zavodda xüsusi üstünlüklərə malik, 50, 75, 110, 125, 180, 200, 250, 280, 315, 355, 400, 450 və 500 millimetr diametrli borular istehsal olunur. Diametri 50 millimetrə qədər olan boruların rahat daşınması və qaynaq sayının azaldılması məqsədi ilə 130-150 millimetr uzunluğunda buraxılır. Bu borular asan birləşir, daşınması digər borulara nisbətən daha asandır, torpaq sürüşməsi və ya çökməsi nəticəsində qırılmır, çatlamır,
uzunömürlüdür. Torpaq altında istənilən şəraitdə (nəm, duz və s.) öz xüsusiyyətlərini dəyişmir və zəmanət müddəti 50 ildir. Polietilen borular yumşaq olduğu üçün xəndəkdən kənarda birləşdirildikdən sonra xəndəyə qoyula bilər.
Zavodda onlarca yeni iş yeri açılmışdır.
Prezident İlham Əliyev görülən işləri yüksək dəyərləndirdi, müasir texnologiya əsasında istehsal edilən bu cür məhsullara tələbatın böyük olduğunu bildirdi.
Zavodla tanışlıqdan xatirə olaraq, dövlətimizin başçısına hədiyyə təqdim edildi.