Dmanisidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
Tbilisi, 26 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Gürcüstanın Dmanisi rayonunda qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin və “Ümid” Yardım Fondunun təşkilatçılığı ilə Dmanisidəki Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirində Dmanisi rayonunun meri Koba Muradaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, rayon ictimaiyyətinin nümayəndələri, mərkəzdə Azərbaycan, gürcü və ingilis dilləri kurslarında oxuyan şagirdlər, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, onların valideynləri iştirak ediblər.
Əvvəlcə şagirdlər Azərbaycanın və Gürcüstanın Dövlət himnlərini ifa ediblər.
Sonra mer K.Muradaşvili çıxış edərək Azərbaycan xalqını bayram münasibətilə təbrik edib. Bildirilib ki, Gürcüstanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunması ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsinin göstəricisidir. Bu gün Dmanisidə Heydər Əliyev Mərkəzinin fəaliyyət göstərməsi və bayram tədbirinin burada təşkili deyilənləri sübut edir.
Səfir Faiq Quliyev çıxışında bildirib ki, əsası dünyaşöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvilinin də dəstəyi nəticəsində əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Onun sözlərinə görə, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir. Rayondakı Heydər Əliyev Mərkəzi də Azərbaycan dövləti tərəfindən inşa olunub.
Digər çıxış edənlər Azərbaycan dövlətinin soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan söz açıb, bu cür dəstəyə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.
Sonda xüsusi qayğıya ehtiyacı olan azyaşlı uşaqlara Yeni il hədiyyələri təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi