DMX Azərbaycanda olan, yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Bakı, 31 avqust, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) ölkəmizdə olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə növbəti dəfə müraciət edib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 310 nömrəli Qərarı ilə xüsusi karantin rejiminin müddəti 2020-ci il sentyabrın 30-u saat 00:00-dək uzadılıb. Xüsusi rejim Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu əhatə edir.
Əcnəbilərin diqqətinə çatdırılıb ki, Bakı Şəhər Regional Miqrasiya İdarəsi istisna olmaqla, digər bütün regional miqrasiya idarələri fəaliyyətini tam bərpa edir.
Həmçinin DMX-nin Təlim-Tədris Mərkəzi Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, eləcə də hüquq və vəzifələrlə bağlı qanunvericiliyin öyrənilməsi ilə əlaqədar yenidən kursların keçirilməsinə başlayır. Onlayn kurslarda iştirak etmək istəyənlər iş günləri saat 09:00-dan 18:00-dək (012) 566-37-74 telefon nömrəsinə zəng edə bilərlər.
Karantin müddətində DMX-nin (012) 919 - Çağrı Mərkəzi həftə sonlarında (sentyabrın 5-də və 6-da, 12-də və 13-də, 19-da və 20-də, 26-da və 27-də) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə miqrasiya ilə bağlı müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MİGAZ mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.
DMX bir daha xatırladır ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 30-90 gün) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.