QAN YADDAŞI
DMX-də Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Dövlət Miqrasiya Xidmətində (DMX) Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir.
Çıxış edən natiqlər 1918-ci il mart ayının sonlarında erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınlar və talanlarla bağlı ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, əsrlər boyu erməni təcavüzkarları Azərbaycanın qədim torpaqlarında “böyük Ermənistan” dövləti yaratmaq xülyasında olmuş, bu ideyanı həyata keçirmək üçün ən iyrənc üsullara əl atmış və bəşəriyyətdə analoqu olmayan vəhşiliklər törətmişlər. Tarixi faktlar sübut edir ki, ermənilər öz məkrli niyyətlərini həyata keçirmək üçün xüsusi plan işləyib hazırlamışlar.
Erməni-quldur dəstələri 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən çox azərbaycanlını qətlə yetirmişlər. On minlərlə insan öz evlərindən didərgin düşmüşdür.
Qeyd edilmişdir ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra da ermənilərin əli ilə deportasiya, etnik təmizləmə və soyqırımı siyasəti davam etdirilmişdir. Cümhuriyyətin yaradıcıları - görkəmli dövlət xadimləri, ziyalılar kütləvi şəkildə həbs və təqiblərə məruz qalmışlar. Bu, əslində, soyqırımı siyasətinin davamı olmuşdur. 1920-ci ilin mayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda 48 min insan bolşeviklər və kommunist maskası geyinmiş daşnaklar tərəfindən güllələnmişdir.
Azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktı əsrin sonunda da davam etdirilmişdir. 1988-ci ildən başlayaraq ermənilər azərbaycanlılara qarşı yenidən əsassız ərazi iddiaları ilə çıxış etmişlər. Erməni işğalçılarının apardıqları məkrli siyasət nəticəsində 250 mindən artıq azərbaycanlı öz doğma yurdlarından didərgin düşmüşdür. Ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi deportasiya, soyqırımı və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, bir milyondan artıq vətəndaşımız öz doğma yurdlarından didərgin düşmüşdür.
1918-ci il mart qırğınları, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı bu baxımdan mühüm tarixi əhəmiyyətli sənəddir. Bununla ilk dəfə olaraq mart qırğınlarına siyasi qiymət verilmiş bu sənəddə 31 mart tarixinin hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi öz əksini tapmışdır.
Sonda vurğulanmışdır ki, dünya ictimaiyyəti artıq təcavüzkarı və təcavüzə məruz qalan ölkəni yaxşı tanıyır. Bütün Azərbaycan xalqı inanır ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycan torpaqları tezliklə işğaldan azad olunacaq və soydaşlarımız öz tarixi torpaqlarına geri qayıdacaqlar.