Dneprdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş Mədəniyyət Günü keçirilib
Dnepr, 23 may, AZƏRTAC
Dnepr şəhərinin Sakura Açıq Dövlət Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş Azərbaycan Mədəniyyət Günü keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi və ölkəmizin Dnepropetrovsk vilayətindəki diasporunun birgə təşəbbüsü ilə keçirilən tədbirdə səfir Azər Xudiyev, Dnepropetrovsk Vilayət Administrasiyasının idarə rəisi Oleksandr Rakşa, Dnepr şəhər merinin müavini Oleksandr Şukalenko, diaspor nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Sakura Açıq Dövlət Muzeyində Azərbaycanın qədim adət-ənənələri, milli-mətbəx mədəniyyəti və zəngin musiqi dəyərləri ilə tanış olublar.
Azərbaycan Xalq Cümhuriyyətinin işığı ətrafına toplaşanları bayram münasibətilə təbrik edən A.Xudiyev 100 il bundan əvvəl Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətlərindən söz açıb. Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərdiyini xatırladan diplomat XX əsrin sonlarında ikinci dəfə əldə olunmuş dövlət müstəqilliyimizin qorunub saxlanılmasında və inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Təməli 100 il bundan əvvəl qoyulan müstəqil dövlətçilik ideologiyasının Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayıb.
Azərbaycan və Ukrayna xalqlarının tarixi dostluq əlaqələrindən söz açan Dnepropetrovsk Vilayət Administrasiyasının idarə rəisi Oleksandr Rakşa və Dnepr şəhər merinin müavini Oleksandr Şukalenko, Dnepropetrovsk vilayətindəkı diasporumuzun rəhbəri Nəcəf Əhmədov müstəqil dövlətimizin 100 illiyi münasibətilə xalqımıza xoş və səmimi təbriklərini çatdırıblar.
Tədbirdə digər çıxış edənlər 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin məram və ideyalarının bu gün müstəqil dövlətimiz tərəfindən böyük uğurla davam etdirildiyini bildiriblər.
Bayram şənliyi Ukrayna və Azərbaycanın mədəniyyət və incəsənət ustalarının nümayiş etdirdiyi konsert proqramı ilə davam etdirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Dnepr