Dövlət agentliyi beynəlxalq tədbirdə təmsil olunub
Bakı, 15 dekabr, AZƏRTAC
Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkilatçılığı ilə “Almaniyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində Şərq Tərəfdaşlığı Biznes Günləri” mövzusunda onlayn tədbir keçirilib.
Natiqlər arasında Azərbaycan Respublikasının və Avropa İttifaqının rəsmiləri, o cümlədən bir sıra beynəlxalq təşkilatların və şirkətlərin nümayəndələri yer alıblar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirin “Azərbaycandan nümunələr” hissəsində agentliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev təqdimatla çıxış̧ edib. O, dövlət agentliyi və tabeliyində fəaliyyət göstərən qurumları, ölkəmizdə dövlət xidmətlərinin göstərilməsi, rəqəmsal xidmətlər, innovasiyalar və ailə biznesinə dəstək sahələrində həyata keçirilən işləri diqqətə çatdırıb. Eyni zamanda, pandemiya dövründə dövlət agentliyi tərəfindən həyata keçirilən işlərdən bəhs edilib.
Tədbirdə dövlət agentliyinin geniş beynəlxalq əlaqələri çərçivəsində “ASAN xidmət”ə verilmiş BMT mükafatlarından, beynəlxalq sahədə əldə olunmuş uğurlardan söz açılıb. Almaniya ilə möhkəm əməkdaşlıq əlaqələrinə də toxunulub və gələcəkdə əməkdaşlığın daha da inkişaf etməsinə dair fikirlər səsləndirilib.