DÖVLƏT BAŞÇILARININ BİRGƏ MƏTBUAT KONFRANSI
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, mayın 23-də Kiyevdə, sammitin sənədlərinin imzalanma mərasimi başa çatdıqdan sonra dövlət başçılarının birgə mətbuat konfransı olmuşdur.
Ukrayna Prezidenti Viktor Yuşşenko mətbuat konfransını açaraq, əvvəlcə mayın 23-də Donetsk vilayətindəki kömür şaxtasında baş vermiş qəzada həlak olanların ailələrinə başsağlığı verdi.
Sammitdə açıq və şəffaf müzakirələrin aparıldığını bildirən Viktor Yuşşenko dedi ki, qaldırılan məsələlər bütün iştirakçı dövlətlər üçün aktual xarakter daşıyırdı. Biz Avropanın enerji təhlükəsizliyini yaxşılaşdırmaq məsələlərinə toxunduq. Kiyev sammitinin tarixə düşəcəyinə əminliyini söyləyən Ukrayna Prezidenti vurğuladı ki, biz təhlükəsiz enerji tranziti məkanına dair dialoqu başlamışıq, bununla bağlı birgə bəyannamə də qəbul olunmuşdur. Sammit iştirakçıları qərara gəlmişlər ki, Baltik-Qara dəniz-Xəzər enerji tranziti məkanının formalaşdırılması istiqamətində işçi qrupu yaradılsın. İşçi qrupu ilk hesabatını noyabrda, növbəti enerji sammitində təqdim edəcəkdir.
Sammitdə Təhlükəsiz enerji tranziti məkanına dair geniş müzakirələrin aparıldığını vurğulayan Viktor Yuşşenko dedi ki, Xəzər hövzəsində çıxarılan enerji daşıyıcılarının Avropaya nəqli ilə bağlı Avrasiya enerji tranziti dənizi layihəsinin texniki-iqtisadi əsaslandırılması hazırdır. Ukrayna Prezidenti Azərbaycanla əməkdaşlığa toxunaraq bildirdi ki, Azərbaycanın Ukraynada neft emalı zavodu inşa etməsi ilə bağlı danışıqlar aparılır. Enerji sahəsində əməkdaşlıq ölkələrimizin Avropaya inteqrasiyasına kömək edəcəkdir.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək, sammitin təşkilinə görə Ukrayna tərəfinə təşəkkür etdi. Dövlətimizin başçısı bildirdi ki, bir il əvvəl qarşıya qoyulmuş məqsədlərə nail olmaq istiqamətində böyük işlər görülür. Qısa vaxt ərzində qazanılmış uğurlar bizim doğru yolda olduğumuzu göstərir. Kiyev sammitində enerji daşıyıcılarını hasil edən və tranzit, istehlakçı ölkələrin birgə iştirakı əhəmiyyət kəsb edir.
Neft-qaz hasilatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini vurğulayan dövlətimizin başçısı dedi ki, biz enerji daşıyıcılarının müxtəlif marşrutlarla ixracını vacib sayırıq. Bu istiqamətdə Azərbaycanın uğurları vardır. Azərbaycan Prezidenti Kiyev sammitinin yekunlarının uğurlu olduğunu bildirərək əlavə etdi ki, əsas məqamlardan biri səylərin birləşdirilməsidir.
Mətbuat konfrasında Gürcüstan, Estoniya, Latviya, Litva, Polşa prezidentləri, Avropa İttifaqının, Çexiyanın, Qazaxıstanın, Rumıniyanın və ABŞ-ın nümayəndələri də çıxış etdilər.
Sonra sammit iştirakçıları jurnalistlərin suallarına cavab verdilər, rəsmi foto çəkdirdilər.
######
![]() |
![]() |

