DÖVLƏT BAŞÇILARININ BİRGƏ MƏTBUAT KONFRANSI
Xəbər verdiyimiz kimi, mayın 23-də Kiyevdə, sammitin sənədlərinin imzalanma mərasimindən sonra dövlət başçılarının birgə mətbuat konfransı olmuşdur.
Mətbuat konfransını açan Ukrayna Prezidenti Viktor Yuşşenko əvvəlcə mayın 23-də Donetsk vilayətindəki kömür şaxtasında baş vermiş qəzada həlak olanların ailələrinə başsağlığı verdi.
Sammitdə açıq və şəffaf müzakirələrin aparıldığını bildirən Viktor Yuşşenko dedi ki, qaldırılan məsələlər bütün iştirakçı dövlətlər üçün aktual xarakter daşıyırdı. Biz Avropanın enerji təhlükəsizliyini yaxşılaşdırmaq məsələlərinə toxunduq. Kiyev sammitinin tarixə düşəcəyinə əminliyini söyləyən Ukrayna Prezidenti vurğuladı ki, biz təhlükəsiz enerji tranziti məkanına dair dialoqu başlamışıq, bununla bağlı birgə bəyannamə də qəbul olunmuşdur. Sammit iştirakçıları qərara gəlmişlər ki, Baltik-Qara dəniz-Xəzər enerji tranziti məkanının formalaşdırılması istiqamətində işçi qrupu yaradılsın. İşçi qrupu ilk hesabatını noyabrda, növbəti enerji sammitində təqdim edəcəkdir.
Sammitdə təhlükəsiz enerji tranziti məkanına dair geniş müzakirələrin aparıldığını vurğulayan Viktor Yuşşenko dedi ki, Xəzər hövzəsində çıxarılan enerji daşıyıcılarının Avropaya nəqli ilə bağlı Avrasiya enerji tranziti dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırılması hazırdır. Ukrayna Prezidenti Azərbaycanla əməkdaşlığa toxunaraq bildirdi ki, Azərbaycanın Ukraynada neft emalı zavodu inşa etməsi ilə bağlı danışıqlar aparılır. Enerji sahəsində əməkdaşlıq ölkələrimizin Avropaya inteqrasiyasına kömək edəcəkdir.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi.