DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ KOREYA RESPUBLİKASININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Qonaqlar əvvəlcə qurumun informasiya-sorğu mərkəzi və Azərbaycan gömrük tarixi muzeyi ilə tanış olmuşlar.
Görüşdə DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev ölkələrimiz arasında bütün sahələr üzrə əlaqələrin inkişaf etdiyini diqqətə çatdırmış, bu amilin gömrük xidmətlərinin daha səmərəli əməkdaşlığına təkan verdiyini vurğulamışdır. O, gömrük işinin modernləşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi sahəsində ölkələrimizin gömrükçülərinin sıx münasibətlərini qeyd etmiş, qarşılıqlı əməkdaşlıq haqqında memorandum layihəsinin rəy üçün Azərbaycan hökumətinə təqdim edildiyini xatırlatmışdır. Həmin layihənin Seulda imzalanacağı gözlənilir.
Park Çin-Heon iki qurum arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirmiş və azərbaycanlı həmkarlarına informasiya texnologiyalarının tətbiqi, gömrük xidmətinin elektronlaşdırılması, bu sahədə kadrların hazırlanması işində yardım təklif etmişdir. Qonaq, eyni zamanda, quru sərhədlərdə gömrük nəzarətinin təşkilinə dair Azərbaycan tərəfinin təcrübəsini öyrənməkdə maraqlı olduqlarını nəzərə çarpdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.
Sonra Koreya Respublikası Gömrük Xidmətinin Gömrük İnformasiya Sisteminə dair seminar öz işinə başlamışdır.