ELM VƏ TƏHSİL
“Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusunda təlim
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də “Transparency İnternational Azərbaycan” təşkilatı və Dövlət İmtahan Mərkəzinin birgə əməkdaşlığı ilə dövlət qulluqçularına korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları mövzusunda təlim keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təlimdə Sumqayıt Rayon İcra Hakimiyyətinin 15 əməkdaşı iştirak edib.
Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda etika anlayışı, etikanın dövlət qulluğunda əhəmiyyəti, müvafiq davranış qaydaları haqqında yerli və beynəlxalq sənədlər, etik davranış qaydalarının növləri və həyata keçirilməsinin təmin olunması barədə təlim iştirakçılarına məlumat verilib.
Təlimin sonunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları mövzusunda aktual məsələlərin müzakirəsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.