ELM VƏ TƏHSİL
Dövlət qulluğunda yeni qiymətləndirmə alətlərinin sınağında iştirak etmək üçün qeydiyyat başlanır
Bakı, 22 noyabr, AZƏRTAC
Dövlət qulluğunda səriştə modelinin tətbiqi çərçivəsində yeni qiymətləndirmə alətlərinin sınağında iştirak etmək üçün qeydiyyat elan olunur.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, dekabrın 5-də, 10-da və 11-də elektron imtahanlar korpusunda yeni alətin keyfiyyət parametrlərinə uyğunluğunu araşdırmaq məqsədilə sınaqların (testlərin aprobasiyası) keçirilməsi planlaşdırılır. Sınaqlar zamanı situasiya mühakimə testlərinin praktik istifadəyə uyğunluğu, onların qiymətləndirmə meyarlarına uyğun şəkildə işlənib-hazırlanması və dövlət qulluqçularının potensialını daha dəqiq müəyyənləşdirməkdə effektivliyi yoxlanılacaq.
Sınaqlara təkcə dövlət qulluqçuları deyil, həm də dövlət qulluğunda çalışmayan ali təhsilli şəxslərin cəlb edilməsi nəzərdə tutulur. Bu yanaşma alətin sınağına müxtəlif əhali qruplarını cəlb etməklə onun hərtərəfli yoxlanılmasına şərait yaratmaq məqsədi daşıyır.
Qeyd edək ki, DİM beynəlxalq təcrübədə geniş istifadə olunan yeni qiymətləndirmə vasitəsi – situasiya mühakimə testlərinin tətbiqi ilə bağlı işlər aparır. Bu alət dövlət qulluqçularının səriştələrini daha obyektiv və əhatəli şəkildə qiymətləndirmək üçün nəzərdə tutulub. Hazırda DİM tərəfindən bu testlərin tərtib olunması, uyğunluq parametrlərinin təhlili və təsdiqlənməsi istiqamətində işlər həyata keçirilir.
Səriştə modeli dövlət qulluğuna qəbul, eləcə də dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı mühüm rol oynayacaq. Bu model çərçivəsində komandada işləmək bacarığı, effektiv kommunikasiya qurmaq, vəzifə öhdəliklərinə məsuliyyətlə yanaşmaq, nəticələr əldə etmək, problem həll etmək və adaptasiya bacarığı kimi mühüm kompetensiyalar əsas meyarlar kimi müəyyən edilir. Bu yanaşma dövlət qulluqçularının həm fərdi, həm də komanda səviyyəsində daha effektiv fəaliyyət göstərmələrini təmin etmək məqsədi daşıyır.
Xatırladaq ki, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 5.4-cü bəndi “Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi” məsələsini əhatə edir.