Dövlət qulluqçularının təntənəli andiçmə mərasimi keçirilmişdir
Naxçıvan, 6 may (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”na əsasən muxtar respublikada dövlət orqanlarının altıncı-doqquzuncu təsnifatına uyğun 144 vakant vəzifənin tutulması üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın “Şərq qapısı” qəzetinin 2011-ci il 8 yanvar tarixli nömrəsində elanı dərc edilmişdi. Yanvarın 15-dən fevralın 15-dək dövlət orqanlarında müsabiqənin keçirilməsi üçün sənəd qəbulu həyata keçirilmişdir.
Sənəd təqdim edən 207 namizəddən 186-sı mart ayının 12-də keçirilmiş test imtahanında iştirak etmişdir. Onlardan 98-i zəruri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Müsabiqənin aprelin 22-dən 28-dək keçirilən ikinci mərhələsində - müsahibədə iştirak edən 95 namizəddən 82-si zəruri keçid balını toplamışdır. Müsahibənin nəticəsinə görə daha yüksək bal toplamış 62 namizəd iddia etdikləri vəzifələrə təyin olunmuşlar.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində - mayın 6-da dövlət orqanlarına vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş dövlət qulluqçularının təntənəli andiçmə mərasimi keçirilmişdir.
Dövlət qulluqçuları Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun surətdə, var gücləri ilə və vətənin mənafeyi naminə həyata keçirəcəklərinə and içmişlər.
And içən dövlət qulluqçuları andın mətnini imzalamışlar.
Qeyd edək ki, test imtahanında və müsahibədə keçid balını toplamış, lakin eyni vakant vəzifə üzrə sənəd vermiş namizədlərdən daha aşağı balı olan 11 nəfər qanunvericiliyə uyğun olaraq iki il müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada ehtiyat kadr kimi saxlanacaqdır. Bu müddət ərzində müvafiq dövlət orqanlarında və ya digər dövlət orqanlarında vakant vəzifələr olduqda Komissiya qeyd olunan namizədləri onların razılığı ilə vəzifəyə təyin olunmaq üçün təqdim edə bilər.