Dövlət Sərhəd Xidməti narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyulun 5-də saat 23:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində beş nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd pozucularının silah və gecəgörmə cihazları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən bir çanta müşahidə edilib.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqavimət göstərib və avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.
Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri - hüquq-mühafizə orqanlarının axtarışında olan Azərbaycan vətəndaşı 1992-ci il təvəllüdlü Qurbanov Məzahir Sahil oğlu güllə yarası alıb. Ona ilkin yardım göstərilərək Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib, lakin sərhəd pozucusu yolda ölüb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri İran ərazisinə qaçıblar.
Əraziyə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla Azərbaycan Respublikası ərazisinə keçirdikləri çantada təxmini çəkisi 6895 qram olan narkotik vasitəyə bənzər maddələr (4065 qram heroin, 1385 qram tiryək, 325 qram metamfetamin, 1000 ədəd metadon-40 həbi, 260 ədəd preqabalin) və dərman preparatları (10 ampula ravit-8, 30 kapsula vellman, 10 ampula testosteron) aşkarlanaraq götürülüb.
Bu barədə İran İslam Respublikası tərəfi dərhal məlumatlandırılıb, hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.
Hazırda Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.