DÖVLƏT SƏRHƏD XİDMƏTİ QAÇAQMALÇILIĞA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİNİ GÜCLƏNDİRİR
Bu günlərdə Şəmkir sərhəd dəstəsinin ərazisində, Qarayazı meşəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 1.150 kiloqram olan 3.275 ədəd yabanı halda bitmiş narkotik xassəli çətənə kolu aşkar olunmuş və yandırılaraq məhv edilmişdir.
Dövlət Sərhəd Xidməti əməkdaşlarının Qazax Rayon Polis Şöbəsinin əməkdaşları ilə keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Bakı-Tbilisi şosesinin 490-cı kilometrliyində Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Əvəz Xanbaba oğlu Cəbiyevin idarə etdiyi “Mersedes-Benz” markalı Az 10 JD 720 dövlət nömrə nişanlı avtobus saxlanılmış və avtobusa baxış zamanı yük yerində Bakı şəhərində əldə edilərək Gürcüstana aparılması nəzərdə tutulmuş 19 kisədə 900 kiloqram nərə balığı aşkar olunaraq götürülmüşdür. Qazax rayonunun 2-ci Şıxlı kənd sakinləri Daşqın Abdulla oğlu Əhmədov, Elgün Əlipaşa oğlu Çobanəliyev, Qabil Ədalət oğlu Rəhimov və Allahverdi Alyoş oğlu Yolçuyev şübhəli şəxs qismində saxlanılmışlar.
Lənkəran rayonunun Vel kəndi ərazisindəki zastavanın xidməti sahəsində “Qazel” markalı Az 85 BE 968 dövlət nömrə nişanlı avtomaşında Lənkəran rayonunun Sütamurdov kənd sakinləri 1982-ci il təvəllüdlü Ramil Heydər oğlu Lüfiyev, 1990-cı il təvəllüdlü Vasif Vaqif oğlu Şəfiyev və 1966-cı il təvəllüdlü Zadiq Aslan oğlu Şəfiyev saxlanılmışlar. Hadisə yerinə gələn sərhəd zastavasının həyəcan qrupu tərəfindən dəniz kənarında Gəncə şərab zavodunun istehsalı olan 0,5 litrlik 1.753 butulka “İvanovka” arağı aşkar edilərək götürülmüşdür.
Faktlarla bağlı araşdırma aparılır.