Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılmasının 12-ci ildönümü münasibətilə tədbir keçirilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabr 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yaradılmasının 12-ci ildönümü münasibətilə tədbir keçirilib.
DSX-in Mətbuat Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərində parlaq qələbə qazandığı, üçrəngli bayrağımızın sərhədlərimiz boyunca dalğalandırıldığı, DSX-in qarşısında dövlətimizin başçısı tərəfindən qoyulmuş bütün döyüş tapşırıqlarının uğurla icra olunduğu, sərhəd¬çilərin qəhrəmanlıq və igidlik nümunələri göstərdikləri xüsusi olaraq qeyd olunub.
Heydər Əliyev Fondunun dəstəyi ilə 2011-ci ildə qurularaq istifadəyə verilmiş Xüsusi Məktəbin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, bilikli, savadlı sərhədçi kadrların yetişdirilməsində əhəmiyyətli rolu qeyd olunub, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tədris müəssisəsinin açılış mərasimində və 2018-ci ildə ikinci korpusunun istifadəyə verilməsi tədbirində iştirak etməsinin dövlətimizin sərhəd təhlükəsizliyi məsələlərinə göstərdiyi ali qayğının göstəricisi olduğu vurğulanıb.
Bu münasibətlə təşkil olunmuş mərasimdə DSX-in rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.
DSX Xüsusi Məktəbinə qəbul üçün müraciət sayının ilbəil artmasının tədris müəssisəsinin uğurlu fəaliyyətinin, yeniyetmələrdə sərhəd mühafizəsi sahəsində hərbi təhsilə marağın bariz göstəricisi olduğu qeyd edilmiş, məktəbdə təhsil alan hər bir kursantın gələcəyin peşəkar zabiti, Vətənə layiqli övlad olacaqlarına əminlik ifadə edilib, onlara dərslərində yeni-yeni müvəffəqiyyətlər arzulanıb.