DÖVLƏT SİMFONİK ORKESTRİ BEYNƏLXALQ FESTİVALDA UĞURLA İŞTİRAK EDİR
Səfərdə kollektivə rəhbərlik edən Azərbaycan Dövlət Filarmoniyasının direktoru Akif Məlikovun Almaniyadan telefonla verdiyi məlumata görə, kollektivin qastrol səfəri uğurla keçir. İyulun 15-də Almaniyanın kurort şəhəri Badendorfda festivalın təntənəli açılışında orkestrin ifasında musiqimizin korifeyləri Üzeyir Hacıbəyov, Qara Qarayev və Fikrət Əmirovun əsərləri (dirijor xalq artisti, professor Rauf Abdullayev), iyulun 16-da İmlinq şəhərində Münxen orkestri və Zalsburq balet truppası ilə birgə çıxışı, iyulun 21-də Badendorfda C. Verdinin “Don Karlos” operası tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Sonuncu əsərin ifasi zamanı orkestrə Avropada məşhur olan maestro İvan Anquelov, elə həmin gün Münxen orkestri ilə birgə çıxışına isə tanınmış alman dirijoru, bizim kollektivi ikinci dəfə festivala dəvət etmiş xanım Korneliya von Kersenbrok dirijorluq etmişlər.
Azərbaycan musiqiçilərinin sənətini, professionallığını yüksək qiymətləndirən festival təşkilatçıları artıq indidən orkestrimizi 2007-ci ildə keçiriləcək bu mötəbər ənənəvi sənət bayramına dəvət etmişlər.
İyulun 30-da orkestr festivalın təntənəli bağlanışına həsr olunmuş qala-konsertdə iştirak edəcəkdir.