DOVLƏT SOSİAL MÜDAFİƏ FONDUNDA KOLLEGİYA İCLASI OLMUŞDUR
DSMF-nin sədri Səlim Müslümov bildirmişdir ki, yanvarın 31-də Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün tədbirlər görülür. Ötən il görülən işlər barədə məlumat verən sədr, perspektiv planlardan danışaraq demişdir ki, ölkəmizdə yeni pensiya sisteminin yaradılması istiqamətində görülən işlər uğurla davam etdirilir. Hesabat dövründə əldə olunan gəlirlərin həcmi 501,22 milyon AZN olmuşdur ki, bu da 2004-cü ilin göstəricisindən 19,9 faiz çoxdur. Qeyri-büdcə təşkilatlarının məcburi sosial sığorta haqları üzrə proqnoza 102,8 faiz əməl edilmişdir. Fondun illik xərcləri 496,94 milyon AZN olmuşdur ki, bu da 2004-cü illə müqayisədə 80,66 milyon AZN artıqdır. Pensiya və müavinətlərin maliyyələşdirilməsinə 474,22 milyon manat, yəni, ötən ildəkindən 74,2 milyon manat artıq vəsait xərclənmişdir.
Sonda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev sosial problemlərin həllində göstərdiyi xidmətlərə görə Səlim Müslümova “Azərbaycan Həmkarlar İttifaqlarının 100 illiyi” yübiley medalı təqdim etmişdir.