DÖVLƏT STATİSTİKA KOMİTƏSİ “AZƏRBAYCANIN ƏHALİSİ” ADLI BÜLLETEN BURAXMIŞDIR
Bülleten əhalinin yerləşməsi xəritəsi və Azərbaycan Respublikası haqqında ümumi məlumatla açılır. Statistik məlumatlar üç bölmədə - “Azərbaycan Respublikası üzrə”, “Azərbaycan Respublikasının iqtisadi rayonları üzrə” və “Beynəlxalq müqayisələr” bölmələrində yerləşdirilmişdir.
Birinci bölmədə əhalinin 1897-2006-cı illərdə sayının, 1959-2005-ci illərdə orta illik sayının dəyişməsi, 1926-2006-cı illərdə cins, 1990-2006-cı illərdə yaş qrupları üzrə sayı, 1979-1999-cu illərdə milli tərkibi, təhsil, 1897-1999-cu illərdə 9-49 yaşlıların, 1989-1999-cu illərdə 15 və yuxarı yaşlıların savadlılıq səviyyəsi verilmişdir. Bundan əlavə, həmin bölmədə təbii artım, 1990-2005-ci illərdə əhali arasında ölümün əsas səbəbləri, 1950-2005-ci illərdə nikah və boşanmaların sayı, orta nikah yaşı, 1990-2005-ci illərdə əhalinin beynəlxalq miqrasiyası və s. haqqında ətraflı məlumat əksini tapmışdır.
İkinci bölmədə əhalinin sayına görə şəhərlərin, rayonların və kənd yerlərinin qruplaşdırılması, iqtisadi rayonların ərazisi, əhalisinin sayı, sıxlığı, 2006-cı ilin əvvəlinə iqtisadi rayonlarda əhalinin sayı və s. barədə rəqəmlər təhlil edilmişdir.
Üçüncü bölmədə dünya ölkələri üzrə bəzi demoqrafik göstəricilər xatırladılmışdır.
Bülleteni Ağadadaş Məmmədovun rəhbərliyi ilə Rza Allahverdiyev, Gülnar Əhmədova və Zəbihə Məmmədova hazırlamışlar.