Dövlət xəstəxanaları arasında daha bir ilk
Bakı, 18 aprel, AZƏRTAC
Dövlət xəstəxanaları arasında ilk dəfə 7 santimetr böyüklüyündə kista 1 santimetr ölçüsü olan kəsikdən çıxarılıb.
AZƏRTAC Kliniki Tibbi Mərkəzə istinadla bildirir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən mərkəzdə ilk dəfə olaraq 52 yaşlı qadında 7 santimetr böyüklüyündə olan timus kistası qapalı üsulla cərrahi əməliyyat edilib.
Nəfəs darlığı, öskürək, sinə ağrısı şikayətləri ilə mərkəzə müraciət edən qadında aparılan müayinələr zamanı döş sümüyünün arxasında, ürək və böyük damarların önündə yerləşən timus adlı orqanda inkişaf edən kista aşkarlanıb. Qapalı üsulla keçirilən əməliyyat 1 santimetr ölçüsü olan 3 ədəd kəsikdən 30 dəqiqə ərzində icra olunub. Əməliyyat torakal cərrahiyyə mütəxəssisləri tərəfindən icra edilib. Xəstə 3 gün sonra evə buraxılıb.
Qeyd edilib ki, son illərdə inkişaf edən ölkələrdə torakal cərrahiyyə əməliyyatlarının bir çoxu video yardımlı toraks cərrahiyyəsi (VATS) üsulu ilə həyata keçirilir. Kliniki Tibbi Mərkəzdə mediastinum (divar aralığı) və ağciyər əməliyyatlarına Torakal cərrahiyyə şöbəsinin açılması ilə start verilib. VATS üsulu ilə icra olunan qapalı əməliyyatlardan sonra xəstədə ağrı, hərəkət məhdudiyyəti çox az olur. Bu isə əməliyyatdan sonra xəstələrin daha tez reabilitasiya olunmasına və çox qısa bir müddətdə evə buraxılmasına şərait yaradır. Həftə ərzində Kliniki Tibbi Mərkəzdə iki xəstəyə timus kistası əməliyyatı icra edilib.