DÖVLƏT XƏZƏR DƏNİZ GƏMİÇİLİYİNİN KOLLEKTİVİ ÖZ PEŞƏ BAYRAMINI QEYD ETMİŞDİR
Mərasimdən əvvəl Fəxri xiyabana gələn gəmiçilər ümummilli liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoydular.
Sonra tanınmış oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarı üstünə tər çiçəklər düzdülər.
Daha sonra Şəhidlər xiyabanını ziyarət edən gəmiçilər Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçən qəhrəman övladlarımızın məzarları üstünə gül-çiçək dəstələri düzdülər. “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoydular.
Mərasimi giriş sözü ilə açan Gəmiçiliyin rəisi Aydın Bəşirov qurumun tarixindən danışaraq dedi ki, Azərbaycanın iqtisadiyyatında əhəmiyyətli yeri olan gəmiçilik hazırda qarşıda duran mühüm vəzifələri layiqincə yerinə yetirir. Ümummilli lider Heydər Əliyev həmişə Gəmiçiliyin inkişafına diqqət göstərmiş, kollektivin işini yüksək qiymətləndirmişdir. Ulu öndərimizin məlum Sərəncamına əsasən, 1998-ci ildən başlayaraq, dənizçilər hər il öz peşə bayramını qeyd edirlər. Bu bayramın təsis olunması gəmiçilərin işinə verilən ən böyük qiymətdir. Gəmiçiliyə diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Prezidentin Sərəncamı ilə Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası yaradilmış, bu yaxınlarda dövlət başçısının iştirakı ilə Bakı Dəniz vağzalının açılışı olmuşdur. Gəmiçiliyin kollektivi bu etimadı doğrultmaq üçün bütün imkanlardan istifadə edir.
Bildirildi ki, nəqliyyat donanmasının yeni gəmilər alması Gəmiçiliyin yükdaşıma imkanlarını daha da genişləndirmişdir. Cari ilin 6 ayında 7 milyon 60 min ton yük daşınmışdır ki, bu da 2005-ci ilin müvafiq dövründəkindən 357 min ton çoxdur. Yaxın gələcəkdə yeni tankerlərin istifadəyə verilməsi yükdaşıma imkanlarını daha da artıracaqdır. Gəmiçiliyin kollektivi ölkəmizin ictimai-sosial həyatında da yaxından iştirak edir. Qaçqın və məcburi köçkünlərə, tənha qocalara, kimsəsizlərə, digər aztəminatlı şəxslərə maddi və mənəvi kömək göstərilir.
Daha sonra əməkdə fərqlənən işçilərin bir qrupuna “Dəniz donanmasının fəxri işçisi” döş nişanı, fəxri fərmanlar təqdim olundu. Peşə bayramı ərəfəsində Gəmiçiliyin bütün strukturlarında əmək haqqının 50 faiz artırılması barədə məlumat razılıq hissi ilə qarşılandı.
Mərasimdə Gəmiçiliyin kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul olundu.
Tanınmış incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.