Dövlətçiliyimizin inkişafı Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindəndir
Bakı, 17 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Heydər Əliyev Məktəbinin Lektoriyası”nın “Heydər Əliyev irsini öyrənirik” mövzusunda növbəti məşğələsi keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir “Heydər Əliyev İli” ilə bağlı təşkil olunub.
Toplantıda Akademiyanın rəhbərliyi, şöbə, kafedra, bölmə, xidmət və kurs rəisləri iştirak ediblər.
Akademiyanın rəisi general-mayor Baba Salayev Ulu Öndər Heydər Əliyevin həyat yolundan, müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi mühüm işlərdən söhbət açıb. Bildirilib ki, dahi rəhbər Heydər Əliyev mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib yüksək səviyyədə reallaşdırmağı bacaran nadir tarixi şəxsiyyətlərdəndir. Ulu Öndər Azərbaycanı qısa müddətdə dinamik inkişaf yoluna çıxararaq, ölkəmizin dünya birliyində layiqli yerini tutması üçün misilsiz xidmətlər göstərib.
B.Salayev deyib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunu uğurla davam və inkişaf etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün müstəqil Azərbaycan inkişafının ən yüksək mərhələsinə yüksələrək dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib.
Tədbirdə çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətindən danışaraq qeyd ediblər ki, dövlətçiliyimizin inkişafı, milli-mənəvi dəyərlərimizin və adət-ənənələrimizin qorunub saxlanılması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, mövqeyinin güclənməsi, dünya azərbaycanlılarının birliyinin yaradılması məhz müdrik şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindəndir.