CƏMİYYƏT
“Dövlətçiliyin xilas günü” adlı rəsm müsabiqəsi elan edilib
Bakı, 13 mart, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Dövlətçiliyin xilas günü” adlı rəsm müsabiqəsi elan edib.
Dövlət Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqədə yaşı 35-ə qədər olan şəxslər iştirak edə bilər. Əsərlər cari ilin mayın 31-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin inzibati binasına (Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi 4A) təqdim olunmalıdır. Hər bir iştirakçı müsabiqəyə bir əsər təqdim edə bilər. İştirakçıların müsabiqəyə təqdim etdikləri rəsmlər çərçivəyə salınmalıdır və çərçivənin şüşəsinin üstünə rəsm müəllifinin adı, soyadı, atasının adı, yaşı, ünvanı yazılmış etiketlər əlavə olunmalıdır. Rəsm əsərlərinin minimum ölçüləri 70x90 olmalıdır.
Müsabiqəyə təqdim olunan işlər geri qaytarılmır, mükafat qazanan əsərlərdən təbliğat və maarifləndirmə məqsədilə istifadə edilə bilər.
Əlavə məlumat almaq istəyənlər bu ünvana - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun şərq hissəsində yerləşən Xidmətin Mərkəzi Çağırış Məntəqəsi Kompleksinin inzibati binasına müraciət edə bilərlər. Əlaqə telefonu: (+994 12) 493 79 14.