DSX: İran-Azərbaycan dövlət sərhədini pozmuş üç Əfqanıstan vətəndaşı saxlanılıb
Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 17-də saat 02:06-da Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birlikdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş üç Əfqanıstan İslam Respublikası vətəndaşları saxlanılıb.
Qurumun mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini pozaraq Azərbaycan Respublikasına gəlməkdə məqsədlərinin ölkə ərazisindən tranzit yolla istifadə edərək daha sonra Avropa ölkələrindən birinə qanunsuz miqrasiya etmək olduğu müəyyənləşdirilib.
Dekabrın 20-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Şahtaxtı” dövlət sərhədindən buraxılış məntəqəsində, İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində rəsmi qaydada keçən İran İslam Respublikası vətəndaşı 1966-cı il təvəllüdlü Azizmohammad Mahmoud Najiollah oğlunun idarə etdiyi “DAF” markalı XB389BX dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük əməkdaşları ilə birlikdə keçirilmiş baxış zamanı avtomobilin qoşqusunun arxa qapısının arakəsmə hissəsində gizlədilmiş halda 37,4 kiloqram marixuanaya bənzər narkotik vasitə aşkarlanıb.
Fakt üzrə DSX və Dövlət Gömrük Komitəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.