SİYASƏT
Dubay şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin və Dubaydakı baş konsulluğunun, həmçinin Nərgiz Fondunun təşkilatçılığı ilə Dubay şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BƏƏ Xarici İşlər Nazirliyinin Dubay ofisinin direktor müavini Rəşid Əl-Qasir, həmçinin Əbu-Dabi və Dubay Əmirliklərinin hakim ailələrinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Dubayda yaşayan və təhsil alan soydaşlarımız, media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən rəsmilər İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsindən bəhs edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti ilə Azərbaycan Ordusunun cəmi 44 gün ərzində işğal altında olan torpaqları azad etdiyini, hərbi əməliyyatların işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndiyini qeyd ediblər.
Natiqlərin çıxışlarında vurğulanıb ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin mühüm istiqamətini ermənilər tərəfindən dağıdılmış yaşayış yerlərinin bərpası təşkil edir. Artıq bu sahədə bəzi layihələrin icrası başa çatıb və öz doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərimiz əzəli yurd-yuvalarına geri dönüblər.
Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, keçmiş müvəqqəti köçkünlərin öz doğma yurdlarına qaytarılması istiqamətində həyata keçirilən “Böyük Qayıdış” proqramı, Azərbaycanın regionda dayanıqlı sülhə və tərəqqiyə nail olunması üçün göstərdiyi səylər barədə ətraflı məlumat verilib.
Tədbirdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsinin Azərbaycanın artan beynəlxalq nüfuzunun bariz nümunəsi olduğu vurğulanıb.
Bayram tədbirinin sonunda iştirakçılara konsert proqramı təqdim edilib.