Dünya Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir
Bakı, 13 aprel, AZƏRTAC
Tusi-Bohm Planetariumda Dünya Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium və Azərbaycan Respublikası Kosmik Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 20 nömrəli məktəb-liseyin 100-dən çox şagirdi, “Cığır” İctimai Birliyindən valideyn himayəsindən məhrum olmuş uşaqlar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri iştirak ediblər.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
Tədbirdə Tusi-Bohm Planetarimun rəhbəri Famil Mustafa planetariumun yaranma tarixi və fəaliyyəti barədə məlumat verib.
Sonra rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova “Kosmik eranın başlanğıcı” mövzusunda məruzə ilə çıxış edib. O, kosmosun tədqiqindən, kosmonavtlar, kosmik uçuşlar və onların elmi nəticəsi haqqında danışıb.
Rəsədxananın elmi işçisi Aynur Abdulkərimova kosmik tədqiqatların əhəmiyyəti və gənclərin bu sahəyə yönəlməsinin vacibliyindən bəhs edib.
Tədbirin sonunda “Kainata doğru” adlı sənədli film nümayiş olunub.