Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qədim Dərbənddə qeyd olunub
Dərbənd, 27 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının akt zalında hər il dekabrın 31-də qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Mahaçqala və Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil olunan bayram tədbirində şəhər Məclisinin deputatları, Dərbənd şəhər, Dərbənd rayon administrasiyanın əməkdaşları, təhsil müəssisələrinin, əmək kollektivlərinin və ictimai təşkilatların rəhbərləri və nümayəndələri iştirak ediblər.
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının direktoru Qurban Qurbanov çıxışında qeyd edib ki, Azərbaycan Rusiyanın etibarlı iqtisadi və siyasi tərəfdaşıdır. Dağıstan və Azərbaycanı çoxəsrlik mehriban qonşuluq və dostluq münasibətləri bağlayır. Xalqlarımız bu münasibətləri qoruyub saxlamalı, inkişaf etdirməli və genişləndirməlidirlər. Q.Qurbanov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara sülh, xeyirxahlıq və ailə səadəti arzulayıb.
Dağıstan Respublikasının milli siyasət və dini məsələlər nazirinin müavini Arsen Mahmudov, Dərbənd şəhər başçısının müavini Vidadi Zeynalov, Dərbənd şəhər administrasiyasının mədəniyyət, gənclər siyasəti və idman idarəsinin rəisi Samilə Nəcəfova, Dağıstan Respublikası başçısı yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Rakif Əzizov, Dərbənd şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli və digərləri də öz çıxışlarında Dağıstan Respublikası ilə Azərbaycan arasında sıx iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Mahaçqala şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Rakif Əzizov tədbir iştirakçılarını təbrik edərək, Azərbaycan mədəniyyətinin və xalqlar arasında dostluğun inkişafına verdiyi töhfəyə görə diaspor nümayəndələrinə təşəkkür məktubları təqdim edib.
Tədbirdə 2023-cü ildə Dağıstanda dünya azərbaycanlılarının Ümummilli Lideri, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsinin planlaşdırıldığı elan olunub.
Bayram tədbiri Dərbənd Azərbaycan Dövlət Dram Teatrının artistlərinin, “Kaspi” Dağıstan Dövlət Rəqs Ansamblı solistlərinin və Dağıstanın populyar vokal sənəti ustalarının böyük konserti ilə başa çatıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Dərbənd