Dünya Bankı: Azərbaycanın iştirak etdiyi nəhəng layihələr regional inkişafın gücləndirilməsində önəmli rol oynayır
Bakı, 7 mart, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir Dünya Bankı ilə çoxistiqamətli münasibətlərin və faydalı tərəfdaşlığın Azərbaycan üçün önəmini vurğulayıb. Qeyd edilib ki, Dünya Bankı ilə investisiya mühitinin təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığı, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı və başqa istiqamətlər üzrə faydalı tərəfdaşlıq münasibətləri ölkəmizin sosial-iqtisadi inkişafına və qarşıya qoyulan hədəflərə nail olunmasına töhfə verir.
Görüşdə ölkəmizin inkişaf prioritetləri, iqlim dəyişikliklərinə qarşı mübarizə, yaşıl iqtisadiyyat və yaşıl enerji siyasəti, bu sahədə görülən işlər barədə məlumat verilib.
Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani təmsilçisi olduğu qurumun Azərbaycanla əməkdaşlığa önəm verdiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycanın iştirak etdiyi nəhəng layihələr regional inkişafın gücləndirilməsində, dayanıqlı inkişafın stimullaşdırılmasında önəmli rol oynayır.
Görüşdə Dünya Bankı tərəfindən hazırlanan Ölkə Tərəfdaşlıq Çərçivəsi üzrə hazırlanan investisiya layihələri, eləcə də COP29 tədbiri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.