DÜNYA BANKI AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞIN İNKİŞAFINDA MARAQLIDIR
AZƏRTAC xəbər verir ki, “Yoxsulluğun azaldılmasına yardımın kreditləşdirilməsi” proqramının hazırlanması ilə əlaqədar Bakıda səfərdə olan Dünya Bankı nümayəndə heyətinin başçısı Kristian Peterson yanvarın 17-də Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvləri ilə görüşmüşdür.
Komissiyanın sədri Səttar Səfərov ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar sayəsində əldə olunmuş uğurlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri barədə də ətraflı məlumat vermişdir. O demişdir ki, Azərbaycan hökuməti hər il məcburi köçkünlərə təxminən 300 milyon ABŞ dolları məbləğində yardım edir. Azərbaycan ərazisinin 20 faizdən çoxunun işğal altında olması, bir milyondan çox insanın qaçqın həyatı yaşaması ciddi problemlər yaradır. Beynəlxalq təşkilatların yardımları azaltması vəziyyəti bir az da çətinləşdirir. Respublikamızda işsizliyin, habelə yoxsulluğun azaldılması üçün ciddi tədbirlər görülür. Beynəlxalq maliyyə qurumları, o cümlədən Dünya Bankı ilə sıx əməkdaşlıq yaranıb. Əminik ki, Dünya Bankının nümayəndə heyətinin bu səfəri əlaqələrimizin inkişafı, həm də “Yoxsulluğun azaldılmasına yardımın kreditləşdirilməsi” proqramının tezliklə həyata keçirilməsinə öz müsbət təsirini göstərəcəkdir.
Nümayəndə heyətinin rəhbəri Kristian Peterson demişdir ki, “Yoxsulluğun azaldılmasına yardımın kreditləşdirilməsi” proqramı Azərbaycanda yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması və qeyri-neft bölməsini inkişaf etdirmək məqsədi daşıyır. Biz həm də ölkəmizin əhalisinin iqtisadi inkişafdan eyni tərzdə bəhrələnməsini istəyirik. Azərbaycanın məcburi köçkünlərlə bağlı narahatlığını da başa düşürük. Problemlərin aradan qaldırılmasına yardım etmək üçün layihə hazırlanmışdır. Layihə məcburi köçkünlərin problemlərinin həllinə öz müsbət təsirini göstərəcəkdir.
Dünya Bankı Azərbaycanın Avropanın yeni qonşuluq siyasətinə cəlb edilməsində də maraqlıdır və bunun üçün də yeni layihə hazırlanır. Bu layihə həm Cənubi Qafqaz respublikalarının öz aralarında, həm də onların Avropa Birliyi ilə yaxınlaşmasına kömək edəcəkdir.
Digər aktual məsələ Azərbaycanın qlobal ticarət sistiminə qoşulmasıdır. Bu sahədə də Azərbaycanda böyük işlər görülmüşdür. Bütün bunlar qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması, yoxsulluğun azaldılması istiqamətində atılmış mühüm addımlardan biridir. Qeyri-neft bölməsində yeni iş yerlərinin açılması məqsədi ilə həm yerli, həm də xarici sərmayədarların cəlb edilməsi üçün mükəmməl qanunvericilik bazası olmalıdır. Onun Avropa standartlarına, Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə uyğunlaşdırılması da vacib şərtlərdəndir. Dünya Bankı bu sahədə təklif və yardımını təqdim edə bilər.
Səttar Səfərov Azərbaycanda sərmayələrin dövlət tərəfindən qorunması, qəbul edilmiş qanunlar və qanunvericilik bazasının yaradılması istiqamətində görülmüş işlərdən danışmış, ölkəmizin bu sahədə də Dünya Bankı ilə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırmışdır.