DÜNYA GƏNCLƏRİNİN 25-Cİ BEYNƏLXALQ QURULTAYININ İŞTİRAKÇILARI GƏNCƏ VƏ QƏBƏLƏDƏ OLMUŞLAR
AZƏRTAC xəbər verir ki, Gəncə şəhərində fəaliyyət göstərən “Gələcəyə körpü” Gənclər İctimai Birliyinin və Gənclərin Beynəlxalq Mübadilə və Anlaşma Şəbəkəsinin birgə təşkilatçılığı ilə hazırda Azərbaycanın bölgələrində “Hər kəs fərqli - hər kəs bərabər” adlı Avropa kampaniyası çərçivəsində “Sən və mən Avropada” devizi altında dünya gənclərinin 25-ci beynəlxalq qurultayı keçirilir.
Dünya gəncləri arasında daha da sıx əməkdaşlıq və qarşılıqlı anlaşma prinsiplərinin inkişafına imkan yaratmaq, təcrübə və fikir mübadiləsi aparmaq, gənclərin cəmiyyətdə fəal iştirakına təkan vermək, onları vətəndaş cəmiyyətinin inkişafı istiqamətində gedən proseslərə cəlb etmək, milli mədəniyyəti və adət-ənənələri dünya gənclərinə tanıtmaq məqsədi ilə keçirilən qurultayda 17 ölkənin (Azərbaycan, Türkiyə, Almaniya, Misir, Özbəkistan, Polşa, Gürcüstan, İtaliya, İspaniya və s.) 25 adda gənclər təşkilatını təmsil edən 50 nümayəndə iştirak edir.
Üç mərhələdən ibarət olan qurultayın birinci hissəsi avqustun 7-dən 10-dək Gəncə şəhərində keçirilmişdir. Burada dünya gəncləri bir-biri ilə tanış olmuş, ailələrdə yerləşdirilmişlər. Ailələrdə qalarkən gənclər arasında mədəniyyətlərarası mübadilə aparılmış, onlara Azərbaycanın adət-ənənələri, mədəniyyəti, Gəncə şəhərinin tarixi barədə məlumat verilmişdir.
Sonra qurultay iştirakçıları avqustun 10-15-də Qəbələ rayonundakı “Ay işığı” istirahət mərkəzində olmuşlar. Qurultayın bu hissəsində gənclər arasında qarşılıqlı əməkdaşlıq, yeni layihələrin icrası məsələləri müzakirə olunmuş, təcrübə və fikir mübadiləsi aparılmış, intellektual oyunlar keçirilmişdir.
Mənalı istirahətdən sonra gənclər avqustun 16-da Bakıya yola düşmüşlər. Qurultay çərçivəsində avqustun 16-20-də Bakıda müxtəlif maarifləndirmə və məlumatlandırma tədbirləri keçiriləcək, avqustun 18-də isə İçərişəhərdəki “Abşeron” rəsm qalereyasında qurultayın nəticələrini əks etdirən sərgi nümayiş olunacaqdır.
Dünya gənclərinin 25-ci beynəlxalq qurultayı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Avropa Şurasının nəzdindəki Avropa Gənclər Fondu tərəfindən maliyyələşdirilir. Dünya gənclərinin qurultayları 1983-cü ildən başlayaraq Gənclərin Beynəlxalq Mübadilə və Anlaşma Şəbəkəsinə üzv olan təşkilatlar tərəfindən hər il müxtəlif ölkələrdə keçirilir. “Gələcəyə körpü” Gənclər İctimai Birliyi də 2005-ci ildən bu şəbəkənin tamhüquqlu üzvüdür.