Dünya səyyahları Şuşada tarixi məkanlar və quruculuq işləri ilə tanış olublar YENİLƏNİB VİDEO
Şuşa, 26 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyah qrupu Füzulidən sonra Şuşaya səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa şəhər mərkəzi meydanına gələn səyyahlar Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti barədə məlumat verilib. Bildirilib ki, otuzillik işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası işləri görülüb.
Səyahətçilər Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları ilə də tanış olublar. Həmçinin səyyahlar Şuşa həbsxanasına baş çəkiblər. Cıdır düzünə gələn səyyahlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.
Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 səfəri təşkil olunub. Bu səfərlərdə 50-dən artıq ölkədən 400 nəfərdən çox məşhur beynəlxalq səyahətçi iştirak edib.
Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri isə sayca 12-cidir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün mühüm əhəmiyyət daşıyır.
11:10
Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş səyyahlar qrupu Füzulidən sonra Şuşaya gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlar bu ərazilərdə erməni işğalı zamanı törədilən vandalizm barədə məlumatlandırılır, həmçinin azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuq işlərinə şahidlik edirlər. Həmçinin səyyahlar Şuşada bir sıra tarixi məkanlara baş çəkəcəklər.
Dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfəri təşkil olunub. Bu səfərlərdə, ümumilikdə, 50-dən artıq ölkədən 400 nəfərdən çox məşhur beynəlxalq səyahətçi iştirak edib.
Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri sayca 12-cidir. Bu səfərlər işğaldan edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır. Heyətin üç gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırılır.